"Real"ın kapitanı Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

Rekord.az ESPN-ə istinadən xəbər verir ki, "Mançester Siti" ispan müdafiəçi ilə maraqlanır.

Bildirilib ki, klub 34 yaşlı oyunçunun "Real"la müqaviləsinin uzadılması ilə bağlı vəziyyəti yaxından izləyir və yayda azad agent kimi onun transferini həyata keçirə bilər. Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın Ramosu çox bəyəndiyi və onu klubun heyətində görməkdən məmnun olacağı vurğulanıb.

Klubun futbolçunun 1 iyul 2021-ci ildən etibarən azad agent olacağını nəzərə alaraq, onun maddi tələblərini ödəməyə hazır olduğu yazılıb. "Mançester Siti" Ramosla ən azı iki illik müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, "Real" Ramosla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gələ bilmir. Onun 1 yanvar tarixindən etibarən istənilən klubla danışıqlar aparmaq hüququ var.