Azərbaycanı Tokio-2020-də təmsil edəcək karateçi Rafael Ağayev Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə müsahibə verib.

Rekord.az həmin müsahibəni təqdim edir:

- Karate həvəskarlarını son zamanlarda düşündürən bir sual var. Rafael Ağayev Tokio-2020-dən sonra karyerasını bitirəcək?
- Rafael Ağayevin hansı medalı qazanması mənim üçün maraqlıdır. Hər bir idmançının arzusu olimpia çempionu olmaqdır. Ürəkdən istəyirəm. Ancaq hərəkət etmək, çalışmaq lazımdır. Karyeramı bitirməyi hələ düşünmürəm. Nə qədər gücüm varsa, nə qədər canım istəyirsə, o qədər də vuruşacam. Sözsüz ki, zədələr imkan versə.

- Ailənizdə sizi ən çox kim dəstələyir?
- Bütün ailəm məni dəstəkləyir. Təəssüflər olsun ki, anam rəhmətə gedib. O sağ olanda məni çox dəstəkləyirdi.

- 5 qat dünya, 11 qat Avropa çempionu olmaq sizdə əlavə məsuliyyət və təzyiq yaradır?
- Əlbəttə ki. Ümumiyyətlə, peşəkar və özünü tanıyan idmançı hər zaman məsuliyyət daşıyır. Hər zaman diqqət onda olur. Uduzmağa vərdiş etməli deyilik. Ancaq biz robot deyilik. Məğlubiyyəti də qəbul etmək lazımdır. Lakin bunun səbəbini tapmaq, səvhlərin üzərində işləmək lazımdır.

- Tokio-2020 Yay Olimpiya Oyunlarında əsas rəqibləriniz hansı idmançılar olacaq?
- Ümumilikdə, olimpiadaya zəif rəqib gəlmir. 10 idmançıyıq, 2 qrupa bölünəcəyik. Burda daha çox şans söhbəti var. Mən özümə 4 nəfəri rəqib bilirəm. Çox güclü rəqiblərim Ukrayna, Yaponiya, İtaliya və İran idmançılarıdır. Bunlardan ən çətini İtaliya və Yaponiya təmsilçisidir. İtalyan rəqiblə bir-birimizi yaxşı tanıyırıq. Həyatda nəyisə əldə etmək asan deyil. İdman sürprizlərlə doludur. Ora qızıl medal əldə etmək üçün gedirik.