"İranla görüş öncəsi heç bir qorxu yoxdur. Güləşən üçün nə qorxu ola bilər ki?"

Rekord.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bakıda keçirilən Dünya Kubokunda özbəkistanlı Jalgasbay Berdimuradova 3:1 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, İran yığmasının Türkiyə və Qırğızıstan üzərində qələbələrinin komandasına təsir etmədiyini söyləyib. "Əslində daha çox Türkiyə seçməsinə köklənmişdik. Bəxtimiz gətirdi ki, finalda onlarla qarşılaşmayacağıq".

Zədəsindən də söz açan Hüseynov bildirib ki, yarışa çıxanda hər şey unudulur: "Özümə söz vermişdim ki, komandamın yanında olacağam və kömək edəcəyəm. Zədələrimin ciddiliyindən hamının xəbəri var".

Qeyd edək ki, Dünya Kubokunun finalında Azərbaycan və İran milli komandaları qarşılaşacaq. Medal görüşləri noyabrın 6-da olacaq.