Rahid Əmirquliyev: "Bizə heç nə deməyiblər" MÜSAHİBƏ
- 08 Fev 2020 14:00
- 756
"Səbail"in futbolçusu Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 16-cı turunda "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnastərin suallarını cavablandırıb. Rekord.az xəbər verir ki 30 yaşlı yarımmüdafiəçi əvvəlcə oyun haqda danışıb:
- Oyun ağır keçdi. "Keşlə" "Neftçi" ilə 2-ci və 3-cü yerləri bölüşür. Yaxşı oyun nümayiş etdirdilər. Amma biz də ciddi hazırlaşmışdıq. Bilirdik ki, çempionatdakı vəziyyətimiz heç də yaxşı deyil. Düzdür, bundan əvvəl də yaxşı çıxış etdiyimiz oyunlar olmuşdu, sadəcə qalib gələ bilməmişdik. "Qarabağ" bizdən güclü idi. Amma onlarla da pis oynamamışdıq. Məncə, layiqli qələbə qazandıq. Yaxşı hazırlaşdıq, analiz etdik və istədiyimiz şeyləri meydançada edə bildik.
- Düşünmək olarmı ki, "Səbail" qış fasiləsindən sonra tamamilə fərqli komanda olacaq. Düzdür, çox oyunçu komandanı tərk etdi, əvəzinə yeni futbolçular gəldi. Sizcə, komandanın vəziyyəti necə olacaq?
- Çox oyunçu dəyişikliyi olanda biz də çətinlik çəkirik. Çünki yeni futbolçuların komandaya uyğunlaşması vaxt alır. Buna baxmayaraq, biz yaxşı kollektiv yığmışıq. Sonuncu yerdəyik, amma irəliləməyə çalışacağıq. Açığı, bizə gəlib, heç nə deməyiblər ki, belə olacaq, elə olacaq. Ancaq çempionatda onsuz da axıra kimi oynamalıyıq. Nə qədər bacarırıq, o qədər də yuxarı qalxmağa çalışacağıq.
- Yeri gəlmişkən, bu qələbə sayəsində "Qəbələ"ni geridə qoydunuz. Yəni, artıq sonuncu pillədən çıxdınız.
- Bəli, artıq axırıncı yerdən çıxmışıq. Amma xal fərqi böyük deyil. Növbəti oyunumuz da elə "Qəbələ"yə qarşıdır. Çalışacağıq ki, həmin matçda qələbənin davamını gətirək.
- Necə düşünürsünüz, bu qələbə "Səbail" üçün əlavə ruh yüksəkliyi olacaq və ötən ilki kimi Avropa Liqasına vəsiqə qazana biləcək?
- Düzdür, Avroliqa üçün xal fərqi bir az çoxdur. Ancaq futbolda hər şey ola bilər. Əslində, uzun müddətdir ki, qalib gələ bilmirdik. Bu qələbə bizim üçün çox vacib idi. İnanırıq ki, komandadakı əhval-ruhiyyə, özünəgüvən bir az yaxşılaşacaq. Bundan sonra çalışacağıq ki, bütün oyunlarda belə çıxış edək, xallarımızı qazanaq.