Yeni mövsümdən Region Liqasında daha bir komanda ilk dəfə təmsil olunacaq.

Rekord.az xəbər verir ki, bu “Ramana” Futbol Klubudur. Abşeronu təmsil edəcək komanda iştirak üçün AFFA-ya müraciət edib və müsbət cavab alıb.

Klubun rəhbəri Elvin Ələsgərov saytımıza açıqlamasında planları barədə danışıb: “Bu mövsüm Region Liqasında oynayacağıq. Hazırda komandanın formalaşması prosesi gedir. “Ramana” olaraq 4 il Həvəskarlar Liqasında çıxış edib, toplam 50-dən çox rəsmi oyuna çıxmışıq. Ancaq Region Liqasında ilk təcrübəmizi yaşayacağıq. Səmimi deyim ki, bu liqada narahatlığımız yoxdur, özümüzə, işimizə güvənirik. Klubun həm rəhbər, həm məşqçi heyəti futbol mütəxəssisləridi. Bütün rəqiblərə hörmətlə yanaşırıq və bütün klublar bizim üçün meydanda rəqib, kənarda dostdur. AFFA-ya isə istəyimizə müsbət cavab verdiyinə görə təşəkkür edirik. Uğurlarımız irəlidədir”.