Kişi voleybolçulardan ibarət Azərbaycan yığması qitə birinciliyinin təsnifat mərhələsindəki növbəti oyununa hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, millimizin blokçusu Ramazan Ağabəyovun bundan əvvəl keçirilən Avstriya oyunu və növbəti qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: 

“Təsnifat mərhələsindəki ilk matçımız səfərdə Avstriya komandasına qarşı oldu. Oyunumuz istədiyimiz kimi alınmadı. Rəqibin heyətində təcrübəli oyunçular çox idi və bu voleybolçular oyunun həlledici anlarında komandalarına kömək etdilər. İlk hissədən fərqli olaraq ikinci setə daha yaxşı başlayaraq təşəbbüsü ələ aldıq və hesabda irəli keçdik. Amma təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik. Özümüz də çox səhvlər etdik və bu, daha yaxşı nəticə göstərməyimizə mane oldu.

Növbəti oyunumuz Bakıda Belçika yığmasına qarşı olacaq. Belçika bizə tanış komandadır. Avstriya matçından sonra məşqlərdə səhvlərimiz üzərində də işləyirik. Azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.