Ramin Musayevdən Premyer Liqanın taleyi ilə bağlı açıqlama
- 13 Apr 2020 18:00
- 836
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlama verib.
Rekord.az xəbər verir ki, Musayev Premyer Liqanın mümkün bərpası haqda danışıb: “Çempionatın bərpası yalnız respublikadakı vəziyyətdən asılıdır. Karantin rejimi ləğv olunandan sonra nə isə danışa bilərik. Bu gün söylədiklərimiz hamısı artıq sözlərdir”.
O bildirib ki, çempionatla bağlı iki variant var: “Aprelin 20-də karantin rejimi götürülsə, yəqin ki, klubların hazırlığına 2-3 həftə vaxt verilər. Mayın ortasında başlasaq, çempionatı başa vurmağa vaxtımız çatar. Amma karantin müddəti uzadılsa, Premyer Liqanı vaxtından əvvəl dayandırmalı olacağıq. Hər şey yaxşı olsa, AFFA, Klublar Komitəsi, İcraiyyə Komitəsi ilə bütün məsələləri müzakirə edib ortaq razılığa gələcəyik”.
Avropa ölkələrində bəzi klublar karantin rejiminə baxmayaraq, məşqləri bərpa ediblər. PFL rəhbəri Azərbaycan klublarının hazırlığa başlaya bilməməkərini belə əsaslandırıb: “Avropa klublarının şəxsi stadionları var. Bizdə isə Gənclər və İdman Nazirliyinin qərarı ilə bütün idman obyektləri bağlıdır. Futbolçular harada məşq etməlidirlər? Ümid edək ki, karantin rejimi aprelin 20-də başa çatsın. Müəyyən qərarlar qəbul edib, çempionatı başa vurmağa çalışacağıq. Bilək ki, çempionumuz, avrokuboklara gedənlərimiz kimlərdir”.
FİFA klubları ilə müqaviləsi iyunun sonunda başa çatan futbolçuların komandalarından ayrıla biləcəyini açıqlayıb. Musayev bu qərara da münasibət bildirib: “Futbolçu başqa komandaya keçə bilmirsə, necə olacaq? Havada qalacaq. Deməli, hazırkı klubunda qalıb oynasa, yaxşıdır. Hər şey klublarla futbolçuların arasındakı münasibətdən asılıdır. Klub rəhbərliyi oyunçularla səmimi münasibətdədirsə, yəqin ki, dil taparlar və müqaviləni uzadarlar. Futbolçular da insandırlar, bilirlər ki, bu, kiminsə günahına görə olmayıb”.
PFL prezidenti futbolçuların maaş məsələsində klublara güzəştə getməli olduğunu düşünür: “Mən özüm də klubda işləmişəm. Komandaların mövsümün əvvəlindən büdcələri təsdiqlənir. Məsələn, mənim 100 manat pulum var, 10 gün yemək yeməliyəm. Deməli, günə 10 manat pul xərclənməlidir. 15 gün yemək yeməli olsam, qənaət edib günə 7 manat xərcləyəcəyəm. Müqavilə uzadılarsa, klub əlavə büdcəni haradan tapmalıdır? Bunu da fubolçular fikirləşməlidirlər. Klubda ailə münasibətləri varsa, heç bir məsələdə problem olmaz”. (Report)
Azərbaycan Premyer Liqasında bir aylıq təxirəsalnmanın müddəti aprelin 14-də yekunlaşacaq.