Ramin Musayevin açıqlamasına "Zaqatala"dan reaksiya
- 21 Dek 2019 14:00
- 1462
Bir neçə gün öncə İTV-də efirə gedən “Bol idman” verilişində həmkarımız Kənan Hakimovun qonağı Ramin Musayev idi.
Rekord.az xəbər verir ki verilişdə əsas söhbət mövzusu danışılmış oyunlar və çirkin əməllərə görə cəzalandırılan şəxslər olsa da, PFL prezidenti çoxlarının marağına səbəb olan məsələyə toxunmağı da özünə borc bildi.
Bildiyiniz kimi, hər kəsi narazı salan məqam premyer-liqada cəmi 8 komandanın iştirak etməsi və onlardan altısının Bakını təmsil etməsidi. Ramin bəyin məsələyə münasibətini dinləyək: “İnşallah, növbəti çempionatda, yəqin ki, “Kəpəz” və “Turan Tovuz” komandaları premyer-liqaya gəlməlidi. “Niyə bu iki komanda” sualını verə bilərsiz. Sözsüz, bütün regionlarda futbolçular var. Amma ən çox futbolçu yetişən regionlardan danışanda, Gəncə ilə Tovuzu elitada görməmək xoş deyil. Tənqidlər eşidirik ki, Bakı çempionatı keçirilir”.
Ramin Musayev məlum açıqlamasına “yəqin ki”ni əlavə etməklə bir növ özünü “sığortalayıb”. Lakin çempionatın təşkilinə və keçirilməsinə nəzarət edən qurumun rəhbəri “Kəpəz”lə “Turan Tovuz”un adını əminliklə çəkirsə, deməli, bildiyi nəsə var. Heç şübhəsiz, yuxarı dairələr öz aralarında bu haqda müzakirələr aparıb, müəyyən qənaətə gəliblər. Musayev də bilərəkdən, yaxud bilməyərəkdən bunu dilə gətirdi.
Sözsüz, ölkə futbolundan danışırıqsa, Gəncə və Tovuzu unutmaq olmaz. Məhz bu iki bölgədən çıxan futbolçuların sayına və hansı karyeraya sahib olduğuna xüsusi toxunmaq uzunçuluq olar. Sadəcə, bu yerdə “Zaqatala”nın unudulması, başqa cür desək, soyuq münasibət göstərilməsi yerinə düşmür. Əvvəla ona görə ki, bu regionun özü də futbol bölgəsi sayılır. Musa və Qurbanov Qurbanov qardaşları, Vüqar Mustafayev, İlkin Qırtımov, Aleksandr Şemonayev futbolun sirrlərinə Zaqatalada yiyələnibsə, əlavə şərhə ehtiyac qalmır. Üstəlik, hələ “Simurq” elitada çıxış etdiyi dönəmlərdə bu rayona səfər edənlər orda hansı şəraitin olduğunu görüb. Bu gün “Zaqatala” birinci divizionun çempionu olmağa əsas namizədlərdəndisə, “Turan Tovuz”la “Kəpəz”ə yaradılacaq şəraiti zaqatalalılar da haqq edir. AFFA ölkənin qərbində bir komanda saxlayıb, digər yardım əlini şimal-qərbə uzada bilər. Bir halda ki, pul eyni cibdən çıxır, belədə futbolu ölkənin müxtəlif səmtlərinə yaymağın nəyi pisdi?
İşin başqa tərəfi də var. Ramin bəy mövsümün qızğın çağında “Kəpəz”lə “Turan Tovuz”un adını çəkirsə, aşağı dəstədə yarışan komandalar bundan sonra nəyi hədəfləyə bilər? Çempionluq üçün niyə dəridən-qabıqdan çıxsın ki? Artıq indidən alan da, satan da bəllidisə, yanvardan sonra top dalınca qaçmağın mənası qalmır. Bu sözlər xüsusən də liderdən 2 xal geri qalan “Zaqatala”ya aiddi.
Elə mövzu ilə bağlı narahat etdiklərimiz də “Zaqatala”lılar oldu. Biri klubun İdarə Heyətinin sədri Musa Qurbanov, digəri komandanın baş məşqçisi Rüstəm Məmmədov. Klubdakı əsas söz sahibi aidiyyatı insanlara üstüörtülü şəkildə olsa da, ismarıc göndərməyi özünə borc bildiyi halda, gənc çalışdırıcı nisbətən ehtiyatlı danışdı.
Musa Qurbanov: “Məlum açıqlamadan xəbərim var. Heç şübhəsiz, Ramin Musayev həmin sözləri nəyəsə əsaslanaraq dilə gətirib. Elə-belə deyilən sözə oxşamır. Əvvəla onu deyim ki, Gəncəylə Tovuzun elitada çıxış etməsini hamımız istəyirik. Hər ikisi futbol bölgəsidi, futbol ənənəsi olan bölgələrdi. Düzdü, Zaqatala da futbol bölgəsi hesab olunur. Yəqin ki, qərar qəbul olunarkən başqa amillər də nəzərə alınıb. Məsələn, Gəncədə kifayət qədər əhali var, stadionları da kifayət qədər böyükdü. Bu şəhərdən çıxan futbolçuların sayı və keyfiyyəti hər şeyi deyir. Tovuzla Zaqatala eyni səviyyəli bölgələrdi. Bildiyimə görə, Tovuzda UEFA-nın dəstəyi ilə futbol məktəbi istifadəyə verilib. Bəlkə də bu kimi amillər nəzərə alınıb. Amma Zaqatala da digər regionlardan geri qalmır. Stadion, baza, uşaq komandaları var. Yəni elitada çıxış etmək üçün lazım olan şəraiti Zaqatalada və “Zaqatala”da görə bilərik. Məşqçilərimiz də cavandı, durmadan üzərilərində işləyirlər.
İndi mənim nəsə deməyimlə heç nə dəyişməyəcək. Belə deyim, kimin haqqıdısa, premyer-liqada onun oynaması yaxşı olardı. Təbii ki, struktur varsa, klub tələblərə cavab verirsə. Bildiyimə görə, bu gün Zaqataladakı şərait Gəncə və Tovuzdakından yaxşıdı. Çox istərdim ki, “Zaqatala” premyer-liqada oynasın. Amma bu nə məndən, nə məşqçilər heyətindən, nə də zaqatalalılardan asılıdı. Çünki bu gün elə bir zaqatalalı yoxdu ki, sponsorluq öhdəliyini üzərinə götürsün. Elə biri olsaydı, AFFA-ya müraciət edərdik. Bu kimi qərarları qəbul edənlər yaxşı olardı ki, diqqəti bizim zonaya da yönəldəydilər”.
Rüstəm Məmmədov: “Verilişə baxmamışam deyə, Ramin Musayevin konkret nə dediyini, yaxud nə demək istədiyini qulaqlarımla eşitməmişəm. Sosial şəbəkələrdə oxudum ki, Ramin müəllim növbəti mövsüm premyer-liqada “Kəpəz”lə “Turan Tovuz”un iştirakının mümkünlüyünü qeyd edib. Açığı, məsələyə şərh verməyi doğru saymıram. Çünki mən klubun rəhbəri yox, komandanın baş məşqçisiyəm. Bu gün də qarşımda duran əsas hədəf kollektivi oyunlara hazırlamaq, rəqibləri təhlil etmək, fasilə dönəmi üçün plan qurmaqdı. Bu dəqiqə heç nə etməmişik. Hə, komanda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb, ümumi durum yaxşıdı. Lakin sabah nə olacağını indidən bilmədən başdan yuxarı danışmaq doğru olmaz. İnsan birinci uğura çatmalıdı ki, sonra haqqını tələb etsin, nəsə istəsin. Ortada heç nə yoxdusa, necə deyim ki, elitada “Kəpəz”, yaxud “Turan Tovuz” yox, “Zaqatala” oynamalıdı? Bunu deyə bilmək üçün gərək çempion adını qazanacaq, elitaya layiq olduğumuzu sübut edək.
Sözsüz, Ramin müəllimin açıqlaması psixoloji cəhətdən futbolçulara təsir edəcək. Çoxu gəncdi, hər şeyi ürəklərinə salırlar. Amma bizim işimiz də onları hazır vəziyyətə gətirmək, nələrisə başa salmaqdı. Digər tərəfdən Musayevin məlum açıqlaması komandaya motivasiya da verə bilər. Uşaqlar ikiqat əzmlə çalışacaqlar ki, özlərini göstərsinlər, çempion adını qazansınlar. Hər il bu vaxt ortaya xəbər atılır, insanlar da müzakirə edir. Sonda baxırsan ki, bəzən deyilənlər həqiqəti əks etdirmir. Ona görə də Ramin müəllimin iddiasının nə dərəcədə doğru olduğunu görmək üçün mövsümün sonunu gözləməliyik. İlk növbədə hədəfə çataq, sonrasını zaman göstərər. Bizə heç kim “çempion olun, premyer-liqaya yüksələcəksiz” sözünü deməyib. Ötən il MOİK çempion olmuşdu, amma elitaya vəsiqə qazanmadı. Sadəcə, məşqçilər korpusu olaraq özümüz öz qarşımıza yekunda “3-lük”də yer almağı məqsəd qoymuşuq. Bu gün imkanlı sponsorumuz yoxdusa, mən, yaxud bir başqa hansı əsasla premyer-liqaya iddia edə bilər? Bunun üçün şərait yaradılmalıdı, kimlərsə bu işdə maraqlı olmalıdı. Elitaya hansı bölgə komandasının çıxmasının fərqi nədi? “Turan Tovuz”, “Kəpəz”, ya da “Zaqatala” – onsuz da hamısı Azərbaycanın bölgəsidi. Əsas odu, regionlarda böyük futbol olsun”.("Futbol plus" qəzeti)