Ramin Quliyev: “Bunu bəxtsizlik hesab edirəm”
- 26 Sen 2021 19:41
- 582
"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Rekord.az xəbər verir ki, Quliyev, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Məğlub olmağımıza baxmayaraq, komandamıza alqış düşür. Çünki uşaqlar hiss etdirmədilər ki, "Neftçi"yə qarşı oynadıq. "Neftçi" iki xırda epizoddan qol vurdu. Bunu özümüz üçün bəxtsizlik kimi qeyd edirəm. Hesabda geri düşməyimizə baxmayaraq, komandanın istəyi məni razı saldı.
- İki fərqli hissə oldu. Qol üçün nə çatmadı?
- İlk hissədə bir az tələskənlik var idi. Son çempiona qarşı oynayırdıq. Qol buraxandan sonra özümüzə inam bir az artdı. Məğlubiyyətlər uşaqlara inamsızlıq gətirir.
- Sanki hiss olunur ki, futbolçularla sərt danışmaq lazımdır. Onları hərəkətə gətirmək üçün nəsə etmək lazımdır. Nə düşünürsüz?
- Sizi başa düşürəm. Biri var komanda oynamasın, istəksiz olsun. Ancaq biz əzmkar futbol oynayırıq. Bu gün o an deyil ki, nəyisə sərtləşdirək. Çünki uşaqlar oynayır, nəsə etməyə çalışır. Adi epizoddan qol buraxırıq, amma bir metrdən qapıya düşə bilmirik. Bunları bəxtsizliklə əlaqələndirirəm.
- Uduzan komanda hər zaman tənqid olunur. Neçə Sebalyos lazımdır ki, "Sabah" 3 xal qazansın?
- Sebalyos bura gələndə 4 ay futbolsuz qalmışdı. Ona vaxt lazımdır ki, tam uyğunlaşsın. Məğlubiyyətləri qəbul edirəm. Lakin oyundan oyuna komanda inkişaf edir.
- Çıxış yolunu nədə görürsüz?
- Qərarı verən rəhbərlikdir. Bura belə gəlib danışmaq mənə xoş deyil. Hədəflərimizlə hazırkı durum üst-üstə düşmür. Futbolda belə şeylər olur. Hər şeyi açıb danışmaq olmur. Klubun rəhbərliyi ilə görüşəcəyik, vəziyyətə baxılacaq.
- Məğlubiyyətə öyrəşən komandanı belə asılılıqdan qurtara biləcəksiz?
- Çətindir. Bu uğursuzluqlar xoş deyil. Bu vəziyyətdən çıxmalıyıq. Əlimizdən gələni edirik.
- Şkuletiç komandaya kömək edə biləcək?
- Hələ formasında deyil. Onun kifayət qədər təcrübəsi var və keyfiyyətli futbolçudur. Hücumda dişsizliyimizi onunla həll etmək istəyirdik. Buna görə bu gün tam hazır olmasa da, əsas heyətdə yer aldı.
- Şpiro hücuma çox çıxır. Bu, sizin göstərişdir?
- O, komandanın məğlub duruma düşdüyü vaxtda irəli çıxır. Bunun üçün təcrübəsi var.
- Rəhbərliyin sizə inamını artırmaq üçün daha neçə tur lazımdı?
- Bu barədə nəsə deyə bilmərəm. İnamın artması üçün qələbə qazanmaq lazımdır. Oyunlar unudulur, nəticələr qalır. Düşdüyümüz vəziyyət ortadadır.
- Növbəti oyun "Keşlə"ylədir. Bu, oyun sizin üçün şansdır?
- İki autsayder oynayacaq. Hər iki komandanın vəziyyəti eynidir. Görəcəyik necə olur. Hər rəqibə eyni yanaşırıq. Düşdüyümüz vəziyyət ürəkaçan deyil.
- Camal Cəfərova irad bildirdiz. Oyundan sonra onun necə üzgün olduğu ortada idi...
- Kənardan irad kimi görünə bilər. Camal özünü daha çox sıxırdı. Ona dedim ki, heç nədən narahat olmasın. Daha rahat olsun. Sadə epizodda top itirmişdi. Onu rahatlatmağa çalışırdım. Gənc oyunçudur, üstünə çox getsək, özünü itirər. Onu dəstəkləmək üçün yanıma çağırdım.