Rauf Məmmədov qərarını dəyişdi: “Düşünülməmiş qərar idi”
- 07 Apr 2022 19:46
- 593
“Sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü Rauf Məmmədov sosial şəbəkə hesabında Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirərkən deyib.
34 yaşlı qrossmeyster şəxsinə göstərilən diqqət və dəstəyə görə hamıya təşəkkür edib: "Ukraynadakı hadisələr hamıya o cümlədən mənə də təsir edir. Həyat yoldaşım Natalya Buksa ukraynalıdır və əslən Lvov şəhərindəndir. Ukraynadakı hərbi əməliyyatlar başlayan zaman biz Lvov şəhərində yaşayırdıq. Təsəvvür edin, Lvov bombardman ediləndən sonra təxliyə olunmağa məcbur qaldıq. Həyatımda heç vaxt unutmayacağım həyəcanlı anlar yaşadım".
Məmmədov indiki vəziyyətdə yarışda iştirak etməyin onun üçün çətin olduğunu bildirib: "Facebook”dakı postuma səbəb kimi göstərilən faktlar reallıqda öz təsdiqini tapmadı. Buna görə də sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm. Azərbaycan millisində çıxış etmək hər zaman qürurlu olub. Ən çətin vaxtlarda belə yığmanı mübarizədə tək qoymamışam. Azərbaycan millisi ilə üç dəfə Avropa çempionluğunun sevincini yaşamışam. Ailə üzvlərim, yaxınlarım milli komandanın mənim üçün nə qədər önəmli olduğunu başa düşür. Ona görə milli komandada çıxışımı davam etdirəcəyimi, mötəbər yarışlarda Azərbaycan yığmasının şərəfini qoruyacağıma ümid edirəm".