“Raufun açıqlamasından sonra əlavə şərhə ehtiyac yoxdur”
- 09 Apr 2022 19:20
- 561
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov şahmatçılarımızın Sloveniyadakı şəxsi Avropa çempionatındakı çıxışına münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, AŞF-nin mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“İlk növbədə şahmatçılarımızın uğurunu qeyd etmək istərdim. Təmsilçilərimiz Sloveniyadakı şəxsi Avropa çempionatında yüksək nəticəyə nail olmaqla bizi sevindirdilər. Vasif Durarbəyli 8 xal toplamaqla yekunda 3-8-ci yerləri bölüşdürdü. Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə qərarlaşdı. İlk dəfə olaraq qitə birinciliyinin nəticələrinə əsasən 4 təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanıb.
Üstəlik, üç şahmatçımız fərdi normativləri yerinə yetirib. Son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb. Abdulla karyerasında ən yaxşı turnirlərdən birini keçirdi və çempionatda uzun müddət liderlər qrupunda mübarizə apardı. Gövhər Beydullayeva xanımlar arasında ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib”.
Daha sonra Mahir Məmmədov milli komandanın üzvü Rauf Məmmədovun FİDE bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirib: “Rauf Məmmədov özü yazdığı postla bağlı fikirlərinə ətraflı izah verdi. Fikrimcə onun açıqlamasından sonra əlavə şərhə ehtiyac yoxdur. FİDE rəhbəri Arkadi Dvorkoviçə gəlincə, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Ukraynadakı hadisələrə münasibətini aydın şəkildə göstərib, tamamilə sülh tərəfdarı olduğunu söyləyib. Dvorkoviç fikirlərinin böyük çətinliklərlə üzləşən Ukraynanın dinc əhalisinin yanında olduğunu bildirib. İdmançıya yaraşmayan açıqlamalarla gündəmə gələn Rusiya şahmatçısı Sergey Karyakin FİDE tərəfindən tənqid olunub və sanksiyaya məruz qalıb. Karyakin ən azı 6 ay şahmat yarışlarından uzaqlaşdırılıb. FİDE ailəsi heç vaxt hərbi hadisələrin tərəfdarı olmayıb və sülhün bərqərar olmasını arzulayır”.