Futbol üzrə İspaniya milli komandasının və “Real”ın müdafiəçisi Serxio Ramos Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqoru döyüşə çağırıb.

Rekord.az xəbər verir ki, futbolçu belə bir çağırışla sosial şəbəkə hesabında çıxış edib.

O, “İnstaqram” hesabında video yerləşdirib. Serxio Ramos videoda fiziki formasını nümayiş etdirib və irlandiyalı döyüşçünün yerişini təqlid edib və “Konor, nə vaxt hazır olacaqsan?” sözlərini yazıb.

Makqreqor da onun bu çağırışını cavabsız qoymayıb. Konor bunları qeyd edib: “Hazır ol, qardaş. Bizi böyük döyüş gözləyir”.

Qeyd edək ki, bir müddət öncə karyerasını bitirdiyini açıqlayan Həbib Nurməhəmmədov da Konorla təkrar döyüşə çıxacağını istisna etməyib.