Madrid "Real"ı UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.


Rekord.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu buna "Atletiko"ya qarşı keçirdikləri 1/8 final mərhələsinin cavab oyununda nail olub.


Madrid təmsilçisi qitənin bir nömrəli klub turnirində penaltilər seriyasında indiyədək dörd qalibiyyət əldə edən yeganə komandadır. Çempionlar Liqası və əvvəlki adı ilə Avropa Çempionlar Kuboku tarixində heç bir klub bunu bacarmayıb.


"Real"ın yarımmüdafiəçisi Luka Modriç isə Çempionlar Liqasında (ÇL) Madrid təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ilk "üçlüy"ə yüksəlib.


Xorvatiyalı oyunçu "Real"ın heyətində 132-ci matçını keçirib. 39 yaşlı yarımmüdafiəçi bu göstəricidə əfsanəvi sabiq hücumçu Raul Qonsalesə çatıb. Ən çox oyun keçirənlərin siyahısında İker Kasilyas (152) birinci, Kərim Benzema (133) ikinci pillədə qərarlaşıb.


ÇL-in 1/8 final mərhələsinin "Atletiko" və "Real" arasında keçirilən cavab matçında Karlo Ançelottinin rəhbərlik etdiyi komanda penaltilər seriyasında qələbə qazanaraq (4:2) 1/4 finala yüksəlib. Modriç matçın 65-ci dəqiqəsində əvəzlənib. "Real" 1/4 finalda İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək.