“Neftçi” avrokuboklarda mübarizəni dayandırdı. Xeyli ümidlənmişdik. “Aris” və “Rapid”lə Bakıdakı oyunlar bizi həvəsləndirmiş, “Neftçi”yə olan ümidləndirimizi artırmışdı. Bəlkə də, biz “Neftçi”dən çox şey gözləyirik”, “ağ-qaralar” bu “yük”ün öhdəsindən gəlməyə, həmin gözləntiləri doğrultmağa hazır deyillər.


“Neftçi” ötən mövsüm “Olimpiakos”a, “Makkabi”yə məğlub oldu. Biz məğlubiyyətləri faciəyə çevirmədik. Həm rəqiblərin ad-sanına, həm də çempion olduqdan sonra klubun düşərgəsində yaşananlara görə məğlubiyyəti sakit qarşılaşdıq, taleyimizlə barışdıq. Amma bu mövsüm belə olmamalıydı. Həyəcan siqnalı hələ “Aris”lə oyunda çalınmışdı. Paytaxt klubu səfər oyunundakı inamsızlığını doğma meydanda kompensasiya etməyi, vəziyyəti düzəltməyi bacardı. “Rapid”lə ilk oyun isə əməlli-başlı şedevr idi. Düzdü, biz “Rapid”dən daha çox çəkinirdik. Vyana klubu xeyli təcrübəlidi, Avropada özünə ad-san qazanıb. Bununla belə, “Bakcell Arena”da “Neftçi” oyunun hakimi idi. Vurduğunu vurdu, vurmadığını da sağa-sola xərcləyib, havaya uçurdu. Dünənki oyundan sonra isə həmin o vurulmayan qolların həsrətində idik. Ən böyük acımız isə Bakıdakı qarşılaşmanın son dəqiqəsində buraxdığımız qol oldu. Həmin saniyələrdə daha qətiyyətli davranmaq, “dəri kürə”ni mümkün qədər uzaqlara vurmaq lazım idi. Bunu bacarsaydıq, norveçli hakim Rohit Saqqi 90 dəqiqənin tamamında oyunu bitirəcəkdi və biz növbəti mərhələyə yüksəlməyin sevincini yaşayacaqdıq.

 

Ürəyimiz çəkilə-çəkilə, “aha, “Neftçi” indicə qol buraxacaq” düşüncəsiylə daha yarım saat əzab çəkib, sonunda üzülməyəcəkdik.
Acı da olsa, həqiqətdi ki, bu yenilgiylə həm də Laurentsiu Regekampf canı məsuliyyətdən qurtardı. Mən onu məsuliyyətsizlikdə qınamaq, “qaralamaq” istəmirəm. Adamın bəhanəsi də var, hazırlıq üçün vaxtı olmayıb, komandanın başına yeni keçib. Edilən transferlərin çoxu da ondan əvvəl olub. “Neftçi”nin ən böyük bəlası ehtiyat qüvvənin yetərsizliyidi. Bunu təkcə “Rapid”lə Bakıdakı oyunda görmədik. Sizin də yadınızdadı. “Neftçi”nin üstünlüyü ilə keçən oyunun sonlarında rumın məşqçi əvəzetmələrə başladı. Dərhal da oyunun axarı dəyişdi, son dəqiqələrdə də qapımızda qol gördük. Əvəzedicilərin “gücünə”, nəyə qadir olmalarına biz “Şamaxı” ilə oyunda bir daha bələd olduq. Cəmi 10-15 gündü yığılmış, normal hazırlıq keçməmiş “Şamaxı” “Neftçi”ni çətinə salmışdı. Regekampf əvəzedicilərə ona görə güvənib, əsas futbolçularını ehtiyatda saxlamışdı ki, onlar Vyanadakı oyuna qədər bərpa olunsunlar, güclərinə qənaət etsinlər. 


Gedişat göstərdi ki, əvəzedicilər elə aşağı-yuxarı “Şamaxı”nın futbolçuları səviyyəsindədi. “Neftçi” Premyer Liqanın startındaca qiymətli iki xal itirməyə yaxın idi. Əlacsız qalan Regekampf Emin Mahmudovu, Eddi İsrafilovu və Yusif Lavalı meydana buraxmalı oldu. Elə həlledici qolu da kapitan Mahmudov vurdu, “Neftçi”ni büdrəməkdən xilas etdi. “Neftçi” Konfrans Liqasında yoluna davam edib, “iki cəbhə”də vuruşsaydı, rumıniyalı hər dəfə eksperiment aparmağa məcbur olacaqdı. Belədə “Neftçi” həm daxili çempionatda, həm də avrokuboklarda büdrəməyə məhkum idi. Söyülən, tənqid edilən də elə özü olacaqdı. Kimə başa salacaqdı ki, “Neftçi”nin ehtiyyat futbolçuları həvəskar komandaya bənzəyən “Şamaxı”nı məğlub etməyi belə bacarmır?
Ona görə də deyirəm ki, dünən gecə Regekampfın canı böyük bir əzabdan qurtardı!