Azərbaycan kuboku uğurunda mübarizənin səviyyəsi  ildən-ilə aşağı düşür. Premyer Liqada komanda sayının və eləcə də iddialıların azalması, I Divizionda səviyyənin hər il daha bir pillə aşağı enməsi yekunda turnirin səviyyəsinə də təsir edir. Ən böyük problem isə kütləviliyin olmamasıdır. Tədricdən ölkə kuboku da Bakı kubokuna çevirilməyə başlayıb. Divizionda tək-tük bölgə komandaları var ki, onlar da AFFA-nın nəzarətindədir və federasiya həmin klubların kubokda oynamasını məqsədəuyğun saymayır. Kuboka marağı daha da artırmaq və kütləviliyi təmin etmək üçün “Region Liqası”nda çıxış edən bəzi klubları turnirəö buraxmaq olar. Təəssüf ki, AFFA keçən mövsüm buna imkan vermədi. Əksər “Region Liqası” təmsilçiləri kubokm yarışlarına qoşulmaq istəsə də onlara “yox” cavabı verildi. Səbəb kimi də həmin komandaların həvəskar status daşıdığını göstərdilər. Halbuki çox absurd bir səbəb idi. Bu səbəb ölkədə futbolun kütləviliyinin qabağını kəsməkdən başqa bir şey deyildi. Çünki bu, çempionat yox, kubok yarışlarıdır. Burada aşağı liqaların komandaları da rahatlıqla oynaya bilər. Dünyanın əksər ölkələrində belədir. Lap uzaq başı, federasiya “Region Liqasına” II dəstə adını verib peşəkar statusa qaldırmaq olar. Bundan sonra isə həmin liqanın komandalarını kubok oyunlarına buraxıb futbolun kütləviliyini artırmaq olar. Bir sözlə, əsas istəkdir, istək olandan sonra çox şeyə etmək olar. Kubokda oynamaq həm də “Region Liqası” komandaları üçün əlavə motivasiya, stimbul olar. Çünki elita klubları ilə üz-üzə gələn zaman özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Təsəvvür edin, oyun bölgədə keçirilir və “Qarabağ”, “Neftçi” kimi komandalar deyək ki, Şamaxıya, Mingəçevirə, Astaraya, Qusara, Ağstafaya və s. gedir. Həmin rayonlarda hansı ajiotaj olar, stadiona nə qədər azarkeş gələr. Bunlar hamısı futbolun kütləviliyinə, təbliğinə və inkişafına birbaşa töhfə verir. Təəssüf ki, bizim futbol başbilənlərimiz üçün bunların heç birinin əhəmiyyəti yoxdur. Qarşıdan yeni kubok mövsümü gəlir. Çox inanmaq istərdik ki, federasiya bu dəfə “Region Liqasında” çıxış edən və gücünü kubok yarışlarında da sınamaq istəyən komandalara qarşı çıxmayacaq və futbolun inkişafı naminə onlıara bu imkanı yaradacaq.