Region Liqasında çıxış edən və neçə vaxtdı stadion problemi ilə üzləşən “Ağsu Siti”nin çətinliyi, nəhayət, aradan qalxıb. Bu haqda məlumatı klubun prezidenti Rəmzi Eminlidən aldıq. Dünən redaksiyamızla əlaqə saxlayan Rəmzi bəy məsələnin həllinə görə AFFA-ya, xüsusilə də qurumun icraçı vitse-prezidenti Elxan Məmmədova təşəkkür etmək istədiyini bildirdi:
 

“Ötən dəfə sizinlə danışanda arenanın icarəsi üçün bizdən 68 min 900 manat tələb olunduğunu söyləmişdim. Srağagün yenidən AFFA-dan bizimlə əlaqə saxladılar. Və dedilər ki, “Ağsu Siti”yə icarə pulunda güzəşt olunacaq. Sonda qərara alındı ki, hər ay icarə haqqı kimi 1000 manat ödənilsin. Bu rəqəm bizi qane edir. Səsimizi eşitdiyinə, qiymətdə bizə güzəşt olunduğuna görə başda Elxan Məmmədov olmaqla AFFA rəhbərliyinə təşəkkür etmək istəyirəm. Onu da bildirim ki, mən əvvəlcə klub prezidenti kimi icarə pulunda güzəşt olunacağı təqdirdə kommunal və stadionun müəyyən təmir xərclərini öz üzərimə götürmək istəyirdim. Ancaq AFFA buna da imkan vermədi və istər kommunal, istərsə də təmir xərclərini də özü həll edəcək”. ("Futbol plus")