REGİON LİQASINDA OYUN ALQI-SATQISI İDDİASI! ŞOK SƏS YAZISI
- 21 Mar 2023 11:47
- 4818
Oyun “alqı-satqısı”, hansısa futbolçunun, məşqçinin digər komandaya oyun “satması”, oyun “alması”, yaxud futbolçuların, məşqçilərin, hətta bəzən hakimlərin də öz iştirakçısı olduğu oyunları bukmeker kontoruna yatırması, ordan qazanc güdməsi dünya futbolunun bəlalarından biridir. Təəssüf ki, Azərbaycan futbolu da zaman-zaman bu çirkabdan yan qaça bilməyib. Bir neçə il əvvələ kimi bu problem ölkə futbolunda kütləvi hal almışdı, hətta I Divizionda çıxış edən xeyli futbolçu, futbol adamı ömürlük futboldan kənarlaşdırılmışdı.
Ancaq görünən odur ki, bu bəlanın kökünü tam kəsmək mümkün olmayıb. Bu dəfə həyəcan siqnalı Region Liqasından gəlib. Ki, onlardan biri bu mövsümün “Marxal-Şəki” – “Karvan” qarşılaşması barədədir. Fevralın 27-də Şəki şəhər stadionunda baş tutan bu matçda qonaqlar 0:2 hesabıyla qalib gəlmişdilər. Ancaq oyunun pərdəarxasında qaranlıq məqamların olduğu barədə iddialar var.
Region Liqasının Şimal-Qərb regionu Qərb divizionunda yer alan hər iki komanda favoritlərdirlər və matçdan öncə 1-2-ci pillələri bölüşürdülər. 13-cü turda qalib gələn tərəf böyük ehtimalla, növbəti mərhələyə qrup lideri kimi yüksələcəkdi ki, Yevlax təmsilçisi də səfərdə rəqibini məğlub etməklə bu işin öhdəsindən gələ bildi. Ancaq oyundan sonra Şəki komandasının rəhbərliyində oyunun “satılmasına” dair şübhələr yaranıb. Onlar iddialarının doğru olmasının sübutu kimi ortaya səs yazısı da qoyublar. Hansı ki, həmin səs yazısı oyundan öncə qeydə alınıb və “Marxal-Şəki”nin iki futbolçusu arasında baş tutub. “Rekord.az” olaraq həmin səs yazısını əldə etmişik və sizə onu dinləmək imkanı yaradırıq:
SƏS YAZISI
Səsyazmada “Marxal-Şəki”nin futbolçularından biri digərinə bilərəkdən zəif oynayıb oyunu uduzmağın yaxşı olacağını, bir neçə aparıcı oyunçunun oyunu “satmağa” razılıq verdiyini və digərlərinin etirazının heç nəyi dəyişməyəcəyini bildirir. Eyni zamanda, səs yazısında 7 min manatlıq məbləğ hallanır. Müraciət olunan oyunçu isə əksini israr edir və qəti şəkildə bildirir ki, oyunu satmaq olmaz, çıxıb mübarizə aparmaq lazımdır. Tərəflər arasında 10 dəqiqəyə yaxın danışıq getsə də, heç kim öz fikrindən geri dönmür. Oyun isə “Karvan”ın qələbəsi ilə bitir və Yevlax təmsilçisi növbəti mərhələyə qrup qalibi, “Marxal-Şəki” isə qrup ikincisi kimi vəsiqə qazanır. Oyundan sonra isə Şəki təmsilçisinin rəhbərliyi AFFA-ya müraciət edir, səs yazısını da federasiyaya təqdim edir.
Məsələ barədə tərəflərin mövqeyini öyrənməyi lazım bildik. Öncə “Marxal-Şəki”nin prezidenti Elgün Hüseynovla əlaqə saxlayıb şübhələri və iddiaları ilə bağlı ətraflı məlumat alırıq: “Səs yazısında oyunun kimin satdığı, kimin aldığına dair heç bir ad çəkilmir. Fakt olaraq, əlimizdə hər hansı ad yoxdur, ancaq şübhələrimiz var. Bilirik ki, bizim Region Liqasının oyunlarına heç bir bukmeker kontorunda pul qoyuluşu yoxdur. 99 faiz buna əminəm. Ona görə qalır ikinci məsələ - qarşı tərəflə sövdələşmə. Mən də məhz buna görə “Karvan”dan şübhələnirəm. Çünki bu alqı-satqıda iştirakını düşündüyümüz futbolçulardan biri olan Osman Soltanov “Karvan”ın kapitanı Müşviq Teymurovla çox yaxındılar, dostdular, hətta “Qəbələ”də bir yerdə oynayıblar. Və hər ikisi sonradan oradan uzaqlaşdırılıb, Müşviq Teymurovun niyə uzaqlaşdırıldığını da araşdırarsınız. Həmçinin araşdırın görün, Osman Sultanov niyə heç bir komandada qərar tutmur. Hansı ki, hətta deyərdim, Premyer Liqada oynayacaq gücdə olan futbolçudur. Həmçinin Ceyhun Rəcəbli və digər oyunçular. Mən əvvəllər belə şeylərə fikir vermirdim. Amma son hadisələrdən sonra başa düşdüm ki, bu gücdə olan futbolçular niyə bir yerdə qərar tutub oynamırlar? Özləri Zaqataladan ola-ola, I Divizionda olan “Zaqatala” komandasında oynamırlar. Halbuki sizi əmin edirəm, “Zaqatala”da bu gücdə olan futbolçular yoxdur. İstər Osman Sultanov olsun, istər Ceyhun Rəcəbli, istərsə də Firudun Mövsümov. Ceyhun Rəcəbli bizim bombardirimiz olub və bizi bu yerə qədər o daşıyıb. Belə bir söz var, “şapkadan dovşan çıxardan”, bax Ceyhun elə futbolçudur. Ağlagəlməz vəziyyətlərdən qol vurur, heç bir təkbətəki qaçırmır. Amma “Karvan”la oyunda həddindən artıq zəif çıxış elədi. Təkbətək çıxdığı epizodları vurmadı. Osman Sultanov müdafiəçi ola-ola 90 dəqiqə boyu bir dəfə müdafiədə oynamadı. Qapımıza vurulan ilk qolda cərimə zərbəsi bilərəkdən yaradıldı. Əvvəlcə Osman Soltanov cəhd elədi cərimə yaratmağa, amma alınmadı. Əvəzində Ceyhun Rəcəbli vurub rəqib oyunçunu yıxdı. Maraq üçün deyim ki, bizim “Karvan”la ilk oyunumuzda da qalmaqal olmuşdu və oyun yarımçıq dayandırılmışdı. Həmin oyunda da bizim qapımıza vurulan ikinci qolda Osman rəqib futbolçunu lazımsız yerə yıxıb penaltiyə səbəbkar olmuşdu. Yeri gəlmişkən, həmin oyunda azarkeşlər meydançaya daxil olduğu üçün oynamaq mümkün deyildi və biz komandamızı təhlükəsizlik baxımından oyundan çəkmişdik. Lakin yekunda texniki məğlubiyyəti də bizə vermişdilər. Yenə deyirəm, bizim bu məsələdə şübhələrimiz “Karvan” komandasındandır. Şübhələndiyimiz şəxslərin də adlarını çəkdim. Bilirsiniz, biz yeni komandayıq, futbolçuların hamısını tanımırdıq. Bununla belə, bütün məsuliyyəti öz üzərimə götürürəm. Ola bilsin, böyük futbol təcrübəm yoxdur. Sadəcə, mövsümün əvvəlində bizə yaxşı futbolçular lazım idi və biz də bu futbolçuları götürdük. Oyunçi keyfiyyətləri yüksək olduğu üçün onları başqa tərəfdən araşdırmağa ehtiyac görmədik və məhz yaxşı futbolçular hesab etdiyimiz üçün komandaya götürdük. Mən bu komandanı təkbaşına yaratmışam. Özüm də hansısa imkanlı ailənin uşağı deyiləm. Hər şeyi öz gücümə etmişəm. Hətta öz toyumu təxirə salıb, toyun pulunu bu komandaya xərcləmişəm. Aylardı normal yuxu yatmıram, komandanın xərclərini qarşılamaq üçün bütün çətinliklərə qatlaşıram. Bizim oyunlarımız biletlə olur, insanlar bilet alıb oyuna gəlirlər. Futbol bölgəsi sayılmayan Şəkidə hər oyuna 1000 nəfərdən artıq adam yığırıq. Yəni çox əziyyət çəkmişəm, bunu demək istəyirəm. Ona görə də pis oluram ki, niyə mənim oyunum satılmalıdır? Səs yazısında 7 min rəqəmi çəkilir, futbolçumuz olan Rabili razı salmağa çalışırlar. Amma mənə belə gəlir ki, söhbət 7 mindən getmir. Sadəcə, bu rəqəm hallandır ki, futbolçunu oyun verməyə razı salsınlar. Oyun satılandan sonra gətirib 300 manat da verə bilərlər, 500 manat da, heç nə verməyə də bilərlər. Guya gedib kiminlə pul davası edəcəksən ki, “oyun satmışam, pulumu verin”. Ona görə real məbləğin qat-qat az olduğunu düşünürəm. Çünki bu qrupdan 1-ci yerdə çıxan komanda birbaşa 1/4 finala gedir. 2-ci pilləni tutan komanda isə ev-səfər prinsipi olmaqla iki dəfə pley-off matçı keçirməlidir. Elə həmin səfər xərcinin yarısını alqı-satqıya gedən futbolçulara versələr, bəs edir. Biz hər oyuna 50 manat qonorar veririk, futbolçuların qalmaq, yemək və s. məsələləri qarşılanır. Deyək ki, “Karvan” gətirib 7 min yox, 1000 manat da versə, bu işə gedən futbolçular buna gedəcək. Bir də səs yazısına diqqətlə qulaq asın, bunu təklif edən futbolçu o qədər peşəkar danışır ki, sanki illərdi bu işi görür. Bu hadisədən sonra hər 4 futbolçunu komandadan qovdum. İndi məsələ budur ki, həmin bu futbolçular özlərinə yeni komanda axtarırlar və hələ də oynamaq istəyirlər. Bizim AFFA-ya müraciətimizdəki əsas məsələlədən də biri budur ki, bu 4 futbolçu birdəfəlik futboldan kənarlaşdırılsın. Əks halda, gedib yenə də hansısa komandanı bədbəxt eləyəcklər. Təsəvvür edin, proses 4 gün gedib. Yəni həmin futbolçular Rabil Yusiflini yola gətirmək üçün bütün səylərindən istifadə ediblər. Hər gün onu çağırıb dilə tuturdular ki, oyunu “verməyə” o da razı olsun. Rabil də axırda qərara alır ki, növbəti çağırış zamanı onların səsini telefonuna yazsın”.
Təbii ki, məsələdə adı hallanan “Karvan” komandasının da mövqeyini öyrəndik. Çünki ittiham yetərincə ciddidir. Üstəlik, futbolçular arasındakı səs yazısında “Karvan”ın adı çəkilmir. Oyunu satmaqdan imtina edən futbolçunun “uduzmağındansa, udmağına atın” deməsi də diqqət çəkən məqamdı. Çünki “udmağına atmaq”, “uduzmağına atmaq” ifadələri adətən bukmeker kontorlarına pul qoyuluşu zamanı işlənir. Əslində, Tailandda bəzi kontorlarda bizim Region Liqasına pul qoyuluşu qəbul edildiyi barədə məlumatlar var.
Gözlədiyimiz kimi, “Karvan”ın baş məşqçisi Kənan Kərimov onlara yönələn ittihamları qətiyyətlə rədd etdi. Milli komandamızın sabiq hücumçusu Şəki komandasının ortaya bu cür iddia atmasını da ayıb adlandırdı: “Birincisi, onların rəhbərliyinə ayıb olsun ki, o şəri öz futbolçularına atırlar. Çox-çox ayıb olsun. Digər tərəfdən onları da qınamıram, futbol adamları deyillər, futbol adamları olsalar, o fikrə düşməzlər. İkincisi, guya bu oyunun bizim üçün nə əhəmiyyəti var idi ki, udub Region Liqasının qalibi olacaqdıq? Sadəcə, bizim gedib orda qələbə qazanmağımızı həzm edə bilmirlər. Ona görə özlərini təmizə çıxarmaq üçün öz futbolçularına şər atırlar. Ayıb olsun onlara. Mənim futbolçularım pulsuz futbol oynayırlar. Alıcını çıxartsınlar ortaya görək, kim alıb oyunu. Özü də 7 min e... Hələ ilk dövrədə Yevlaxda oynayanda da onların nə dərəcədə həyasızcasına hərəkət etdiklərini də gördüm. Oyundan qabaq dava salmaq istəyirdilər ki, oyunu hansısa şəraitdə pozsunlar. Gələn azarkeşlər də gördü ki, onlar meydançaya oyuna yox, davaya çıxıblar. Şər atmaqdansa, öz komandalarının oyununa fikir verib futbol oynasalar, daha yaxşı olar. Yenə deyirəm, ayıb olsun, utansınlar ki, utanmazcasına öz futbolçularına şər atırlar. Qısası, boş söhbətlərdi. O ki qaldı səs yazısına, nə təqdim eləyiblər, neyləyiblər, özləri bilər. Mənim üçün bu, gülməli və cəfəngiyyatdı. Orda inandırıcı heç nə yoxdur”
Yekunda məsələ ilə bağlı AFFA-nın da mövqeyini öyrənməyi vacib saydıq. Çünki Şəki təmsilçisi məsələ ilə bağlı federasiyaya müraciət etdiklərini və səs yazısını da təqdim etdiklərini açıqlayıb. Üstəlik, nəzərə alaq ki, yarışı keçirən qurum da məhz AFFA-dır. Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını açıqladı: “Qeyd etdiyiniz məsələ ilə bağlı, təbii ki, AFFA-nın məlumatı var. Müvafiq araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.