Artıq bir ildən çoxdu ki, AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yaş qrupu üzrə liqalar və Region Liqası pandemiya səbəbindən keçirilmir. Geridə qalan müddətdə liqaların təşkilinə cavabdehlik daşıyan, Region Liqası üzrə İşçi Qrupun üzvü olan assosiasiyanın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə bir neçə dəfə danışsaq da, konkret fikir öyrənə bilməmişdik. Özü demişkən, hər dəfə nəsə etmək istəyəndə yoluxma sayında artım müşahidə olunduğundan yarışlara start vermək mümkün olmur.


Dünən yenidən Yusif bəylə əlaqə saxlayıb, bizi maraqlandıran məsələ ilə bağlı fikir öyrəndik: “Hazırda liqalar və Region Liqasının keçirilməsi ilə bağlı yenilik yoxdu. Özünüz də şahidsiz ki, gündəlik yoluxma sayı yenidən artmağa başlayıb. Belə deyək, biz hər dəfə bu məsələni müzakirə etməyə başladığımız vaxt xəstəliklə bağlı problemlər ortaya çıxır. Hazırda respublikadakı ümumi vəziyyəti izləyirik. İlk növbədə ölkədə vəziyyət sabitləşməlidi ki, liqaların başlamasını gündəmə gətirək. Müvafiq qurumlarla daim danışıqlar gedir. Hazırda yoluxma sayı artdığından konkret nəsə demək mümkün deyil. Düzdü, məktəblərdə tədris müəyyən mənada bərpa olunub. Ancaq onu nəzərə almalıyıq ki, məktəblər lokal şəraitdə qapana bilirlər, şagirdlərə müəyyən qadağalar tətbiq olunur. Liqalarda bunu etmək mümkün deyil. İstəsək də, istəməsək də, komandalar oyunlarda iştirak etmək üçün bir rayondan başqasına səfər etməlidi. İndiki məqamda isə bu riskdi. Bizim üçün vacib olan uşaqların sağlamlığıdı. Çox çətin durumdu. Heç kim deyə bilməz ki, sabah, birisigün yoluxma sayı neçə olacaq. Pandemiyanın hansı müddətə kimi davam edəcəyini də heç kim bilmir. Ötən ilin martında bu bəla yayılmağa başlayanda demişdik ki, bir aydan sonra yarışlar bərpa olunacaq. Ancaq göründüyü kimi, artıq bir ildən çoxdu yarışlar dayanıb. Pat vəziyyətindəyik. Bu hal təkcə bizdə yox, bütün dünyada davam edir. Odu ki, bu məsələyə görə bizi ittiham etmək, nədəsə qınamaq olmaz. Bu, bəşəri bəladı və onun nə vaxt qurtaracağı bilinmir. Biz də vəziyyətə uyğun addım atacağıq”. ("Futbol plus")