Türkiyədə çıxış edən Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının sabiq üzvü Polina Rəhimova növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Kuzeyboru" 19-cu turda "Sigorta Shop" klubunun qonağı olub.

Görüş gərginliyi ilə yadda qalıb. Matça yaxşı başlayan qonaqlar ilk setdə qalib gəliblər. Bundan sonra meydan sahibləri təşəbbüsü ələ alıblar və 2:1 hesabı ilə önə keçiblər. Növbəti hissəni isə "Kuzeyboru"lu voleybolçular aktivlərinə yazdırıblar və oyunun taleyini tay-brekə daşıyıblar. Həlledici setdə daha yaxşı oynayan Polina və rəfiqələri meydandan 3:2 (25:23, 24:26, 18:25, 28:26, 15:11) hesablı qələbə ilə ayrılıblar.

Aksaray təmsilçisinin çətinliklə qələbə qazandığı görüşdə milli voleybolçumuz 21 dəfə fərqlənməklə komandasının ən məhsuldar oyunçusu olub. Rəhimova bu xallardan 19-nu hücumda, 1-ni blokda, 1-ni də eyslə qazanıb.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 24-ə çatdıran "Kuzeyboru" turnir cədvəlində 9-cu yerdədir.