Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Polina Rəhimova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Kuzeyboru" 16-cı turda "THY" klubunu qəbul edib.

Görüş meydan sahibləri üçün yaxşı başlamayıb və voleybolçumuzun komandası 0:2 hesabı ilə geri düşüb. Aksaray təmsilçisi sonrakı seti qalib başa vuraraq ümumi hesabı azalda bilib. Lakin Polina və rəfiqələrinin bundan artığına gücləri çatmayıb. 4 hissə davam edən matçda meydan sahibi 1:3 (13:25, 23:25, 25:20, 22:25) hesabı ilə uduzub.

Komandasının yenə xalsız qaldığı qarşılaşmada milli voleybolçumuz əvəzetmə ilə oynayıb. Rəhimova meydanda olduğu müddətdə 4 dəfə fərqlənib. O, xalların hamısını hücumda qazanıb.

Qeyd edək ki, "Kuzeyboru" 16 turdan sonra turnir cədvəlində 11-ci pillədədir. Komandanın hesabında 16 xal var.