Rəhimovanın möhtəşəm oyunu komandasına kömək olmadı
- 12 Dek 2022 13:50
- 540
Türkiyədə voleybolçu qadınların birinciliyində növbəti tura yekun vurulub. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Kuzeyboru" 10-cu turda "Nilufer BLD" ilə üz-üzə gəlib.
Doğma meydanda baş tutan oyun voleybolçumuzun komandası üçün yaxşı başlamayıb. İlk setdən təşəbbüsə yiyələnən rəqib üstünlüyünü sonadək qoruyub. 3 hissə davam edən matçda Polina və rəfiqələri quru hesablı məğlubiyyətə üzülüblər - 0:3 (23:25, 15:25, 23:25).
Bundan əvvəlki oyunlarda yalnız əvəzetmə ilə meydana çıxan milli voleybolçumuz komandasının xalsız qaldığı bu görüşdə əsas heyətdə oynayıb. Möhtəşəm oyunu ilə fərqlənən təcrübəli hücumçumuz 14 xal qazanıb. Bütün xallarını hücumda qazanan Rəhimovanın mükəmməllik göstəricisi 52 faiz olub. Bu isə qarşılaşmanın ən yaxşı göstəricidir.