I Liqada çempion müəyyənləşib.


Rekord.az xəbər verir ki, “Qəbələ” MOİK üzərində 1:0 hesablı ev qələbəsi ilə sona 4 tur qalmış qızıl medallara sahib çıxıb.


Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda xallarını 58-ə çatdırıb. I Liqanın lideri 2-ci pilləni 14 xal qabaqladığı üçün 1-ci yeri təmin edib.


Bu, “qırmızı-qaralar”ın ikinci belə uğurudur. Bölgə təmsilçisi 2005/06 mövsümündə də birinci dəstənin qalibi olub. Həmin vaxt Xanları təmsil edən “Gilan” sonradan Qəbələyə köçüb, bir müddət sonra adını da dəyişib.


“Qəbələ” müxtəlif illərdə I dəstə və I divizion adlanan I Liqada 2 dəfə çempionluq yaşayan 6-cı komandadır. Bunadək 5 komanda - “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” I Liqada çempionluq sayında rekorda sahib olub. Ümumilikdə, 26 klub aşağı dəstədə 1-ci yeri tutub.


Düzdür, 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.


 


I Liqanın qalibləri


1992. ANS Pivani (Bakı)


1993. Xəzri (Buzovna)


1993/94. Azneftyağ (Bakı) və Zabrat


1994/95. Şəmkir


1995/96. Xəzər (Sumqayıt)


1996/97. Göyçay


1999/2000. Şahdağ (Quba)


2000/01. MOİK (Bakı)


2001/02. Lokomotiv (İmişli)


2003/04. Gənclərbirliyi (Sumqayıt)


2004/05. Şüvəlan (Bakı)


2005/06. Qəbələ


2006/07. Masallı


2007/08. Bakılı


2008/09. ABN (Bərdə)


2009/10. Kəpəz (Gəncə)


2010/11. Abşeron (Bakı)


2011/12. Qaradağ Lökbatan (Bakı)


2012/13. Ağsu


2013/14. Araz Naxçıvan


2014/15. Neftçala


2015/16. Neftçala


2016/17. Turan Tovuz


2017/18. Xəzər (Bakı)


2018/19. MOİK (Bakı)


2019/20. Turan Tovuz


2020/21. Neftçi-2 (Bakı)


2021/22. Qaradağ Lökbatan (Bakı)


2022/23. Araz Naxçıvan


2023/24. Şamaxı


2024/25. Qəbələ


 


Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.