“Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena” müvəqqəti olaraq təmirə bağlanır.

Rekord.az xəbər verir ki, bir müddət öncə renovasiya işlərinə start verilmiş meydanın son durumu yenidən araşdırılıb və məlum olub ki, arenanın ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil.

“Ötən mövsümün sonunda stadionun qazonunun dəyişdirilməsinə qərar verilmişdi. Bu istiqamətdə aparılan işlərin cari mövsümün startına kimi tamamlanması və arenanın komandanın istifadəsinə verilməsi planlaşdırılmışdı. Ancaq iyun-iyul aylarında müşahidə olunan anomal istilər səbəbindən ot örtüyünün keyfiyyətinin istənilən səviyyəyə çatdırılmasında problemlər yarandı.

Mövcud vəziyyəti, komandamızın topa yiyələnmə və qısa ötürmələr üzərində qurulmuş oyun üslubunu, futbolçuların zədə riskini nəzərə alan “Neftçi” PFK rəhbərliyi “Neftçi Arena”nın yenidən təmirə bağlanmasına, ot örtüyünün ideal səviyyəyə çatdırılmasına qərar verib. Bununla əlaqədar klubumuz tərəfindın Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. Yenilənmə prosesinin Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”la keçirəcəyimiz ev oyununa kimi tamamlanması nəzərdə tutulub. 

Bu səbəbdən tərəflərin razılığına əsasən, “Neftçi” PFK-nın ölkə çempionatının 3-cü turunda, avqustun 18-də “Sabah”la keçirəcəyi ev oyunu “Liv Bona Dea Arena”da təşkil olunacaq. Digər razılaşmaya görə, Peşəkar Futbol Liqasının təsdiqi əsasında “Şamaxı” ilə ev oyunlarımızın yeri dəyişdirilib. 5-ci turda keçirilməsi nəzərdə turulan “Neftçi” – “Şamaxı” görüşü Bakıda yox, Şamaxıda oynanılacaq. İkinci dövrənin “Şamaxı” – “Neftçi” matçı isə “Neftçi Arena”da baş tutacaq.

“Neftçi” PFK mövcud vəziyyətlə bağlı təəssüfünü dilə gətirir və azarkeşlərimizi tezliklə yenidən doğma tribunalarımızda görməyi arzulayır”, klubun yaydığı açıqlamada bildirilir.

Qeyd edək ki, Rekord.az bu haqda avqustun 9-da məlumat paylaşmışdı: https://rekord.az/news/neftci-arena-yeniden-tmir-baglana-bilr/71821