“Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur”
- 02 Okt 2021 19:59
- 509
“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Üçüncü dəqiqədə buraxdığımız qoldan sonra oyunda dominantlıq edən tərəf idik. İkinci qolu isə başa düşmək olar. Hücumlarımızda sonluq çatmırdı. Deyiləsi bir söz yoxdur. Futbolda belə halların tez-tez təkrarlanması mənə çatmır. Biri var oynamırsan və məğlub olursan. Oynayıb uduzmağı isə başa düşə bilmirəm.
İlk turdakı “Səbai”lə matçda da baş hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”la hansısa qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi. Ancaq son dəqiqələrdə sarı vərəqə göstərdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, leyhimizə təmiz penalti verilmədi. Nə olmalıdı ki, rəqib qapısına penalti verilsin? Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdir.
Klub rəhbərliyi ilə ətraflı danışacağam. İstefadan çəkinmirəm və qorxmuram. Hər bir oyunda yaxşı oynayırıq. Böhrandan çıxış məşqlərdə daha çox işləməkdir”.