Ötən mövsüm məşqçi-futbolçu kimi “Keşlə”nin sıralarında olan Rəşad Sadiqovdan xeyli vaxtdı xəbər yoxdur.

Müqaviləsinin müddəti başa çatanlarla yeni anlaşma əldə olunsa da, indiyə qədər təcrübəli futbolçu ilə bağlı xəbərə rast gəlməmişik.

Açığı, səbəbkarın özü ilə danışana qədər klubdan ayrıldığını zənn edirdik. Lakin özü ilə söhbətdə karyerasını yenidən “Keşlə”də davam etdirəcəyini öyrəndik. Saçını Azərbaycan futbolunda ağartmış Sadiqovla təkcə “qırmızılar”dan yox, həm də yığmadan, sabiq komanda yoldaşlarından danışdıq.

- Nə edirsən? Haralardasan?
- Evdəyəm. Çantamı yığıram, yola hazırlaşıram. Sabah təlim-məşqtoplanışı üçün Şamaxıya gedirik axı.

- Bildiyimə görə, “Keşlə”ylə müqavilənin müddəti başa çatmışdı.
- Elədi. Anlaşmam mövsümün sonuna qədər idi. Qurtarmışdı, yenilədik. İnşallah, növbəti bir ildə də “Keşlə”nin sıralarında olacam.

- Futbolçu, məşqçi, yoxsa futbolçu-məşqçi kimi?
- Ötən il necəydisə, bu il də elə. Həm məşqçilər korpusunda yer alacam, həm də futbolçu kimi adım heyətə salınacaq. Ehtiyac duyulacağı təqdirdə meydana çıxıb komandaya kömək edəcəm.

- Fiziki durumun necədi? Güc var?
- Özünüz də bilirsiz ki, martdan bu yana futbol yoxdu. Bu dəqiqə heç kimin fiziki durumu istənilən səviyyədə deyil. Əlbəttə, hamı kimi məndə də zəifləmənin olması normaldı. Problemi aradan qaldırmaq üçün toplanışda var gücümüzlə işləməliyik. Ən vacibi, bilirsiz, nədi? Artıq çəkimin olmaması. Çəkiyə meyilli olmamağım ən böyük üstünlüyümdü. Məncə, hansısa mənada komandaya fayda verə bilərəm.

- Deməli, bu gün-sabah 37 yaşını tamamlayacaq Rəşad hələ də top dalınca qaçmaq həvəsindədi.
- Futbolçu həyatı elədi ki, lap 50 yaşın da olsa, oynamaq istəyirsən. Amma reallıqlar var ki, barışmalısan. Əlbəttə, 5-10 il əvvəlki gücdə deyiləm. İstəsək də, istəməsək də, yaş özünü göstərir. Amma futbolçuda təcrübə deyilən şey var. Hətta gücün az olanda belə, təcrübə hesabına nəsə edirsən. Yəni xidmətimə ehtiyac duyulacağı təqdirdə meydanda canımı qoymağa hazıram. Açıq danışaq, bu gün 90 dəqiqəlik oyunlara hazır deyiləm, ancaq hansısa məqamlarda istəyim və təcrübəm hesabına kömək edə biləcəyimə əminəm. Fikrim yanlış anlaşılmasın, gücüm yoxdu demək istəmirəm, deməyim odu ki, 5-10 il əvvəlki gücdə olmaya bilərəm.

- Köməkçi məşqçi dedin, amma “Keşlə”də, maşallah, məşqçi bolluğudu. Tərlan Əhmədova Zaur İsmayılovla Əli Muradov, o cümlədən Cəmaləddin Əliyev kömək edir, üstəlik, Kamal Quliyevlə də müqavilə bağlanacaq.
- Bu barədə hansısa problemin olacağını düşünmürəm. Xatırlayırsızsa, ötən mövsümün gedişində Mehman Babayev “Keşlə”dən ayrılmışdı, iki gün əvvəl isə Vadar Nuriyev “Neftçi”ylə anlaşdı. Belədə iki yer boşalmış oldu ki, yalnız Kamal Quliyevlə anlaşmanın əldə olunacağı gözlənilir. Mən isə onsuz da məşqçilər heyətindəydim, yenə orda qalacam. Ötən mövsüm əsasən futbolçu kimi faydalı olmağa çalışırdım. Lakin elə olurdu ki, Tərlan Əhmədovun tapşırığına əsasən məşqçi kimi ona kömək etməli olurdum. Əvvəl necə idisə, həmin qaydada davam edəcəyik.

- Kateqoriya məsələsi nə yerdədi?
- Bu dəqiqə heç kim kateqoriya adı çəkmir. Pandemiyaya görə dərslər keçirilmir, heç kimə kateqoriya verilmir. Millinin sabiq üzvü kimi C lisenziyasına avtomatik yiyələnməliyəm. Düzdü, hələ götürməmişəm, amma veriləcəyini bilirəm. Əsas niyyətim B kateqoriyası kurslarına qatılmaqdı.

- Tərlan Əhmədov sabiq “Neftçi”liləri yanına çəkir. Səninlə yanaşı, Kamal Quliyevlə Cavid İmamverdiyev var, futbolçulardan Tural Axundovla Rəhman Hacıyev gəlib. Səncə, bu siyasət komandaya uğur qazandıra bilər?
- İnşallah, gətirəcək. Açıq danışaq, hər bir məşqçi tanıdığı və inandığı insanlar ilə işləməkdə maraqlıdı. İstər köməkçi olsun, istər texniki işçi, istərsə də futbolçu – fərq etmir. Dünyanın hər yerində belədi. Mən, yaxud siz özünüz də hansısa iş görsəz, ətrafınızda yaxından tanıdıqlarınızın toplanmasını istəyərik. Ona görə də Tərlan müəllimi başa düşmək lazımdı. Allahın köməyi ilə hamımız birləşib nəticə verərik.

- Vaxtilə “Neftçi”də çiyin-çiyinə oynadıqlarından kimləri “Keşlə”də görmək istərdin?
- Məndən olsa, o heyətin hamısını (gülür). Xüsusən də legionerlərdən Flavinyonu, Kanalesi, Bertuççini, Vobayı “Keşlə”də görmək xoş olardı. Çox keyfiyyətli futbolçular idi. Bildiyimə görə, hamısı karyerasını başa vurub.

- “Keşlə”nin hazırkı durumu gələcək adına ciddi şübhə yaradır. Fərqindəsən?
- Nə mənada?

- Slavik Alxasov, Franko Flores, Lorenso Frutos, Ruslan Qurbanov, Tural Bayramlı – bu futbolçular əsas heyət üzvləri idi və indi heç biri komandada deyil. Üstəlik, Cabir Əmirli ilə Əfran İsmayılov da yola salınıb. Bu qədər itkilərin fonunda qısa müddətdə yeni komanda formalaşdırıb uğur qazanmaq mümkün olacaq?
- Sizi başa düşürəm. Gəlin bir az əvvələ boylanaq. Xatırlayırsızsa, Tərlan müəllim 2018/19 mövsümünün gedişində “Keşlə”nin başına keçmişdi. Yəni öz yığdığı komanda və yaxından tanıdığı futbolçular deyildi. Nəticə nə oldu? Komanda mövsümü sonuncu pillədə başa vurdu. Tərlan müəllim ötən yay ciddi dəyişikliklərə əl atdı. Xeyli futbolçu getdi, onların yerinə yenilər gəldi. Onda da hamı ümidsiz idi, bu heyətlə uğur qazanmağın çətinliyindən danışırdılar. Lakin sonda bürünc medalları qazanmaq mümkün oldu. Özünüz də gördüz ki, “Keşlə” mövsümboyu sabit oyunu ilə seçildi. Halbuki heyətdə ilk dəfə Azərbaycan çempionatında top qovan legionerlər var idi. Deməyim odu ki, əvvəldən proqnoz vermək olmur. Əhmədov komanda qurmağı, birlik yaratmağı bacarır. Məncə, narahatlığa ehtiyac yoxdu.

- Gələnlərin sayı azdı nəsə.
- Niyə ki? Tural Axundov, Şəhriyar Əliyev, Rəhman Hacıyev, Cavid İmamverdiyev – hər biri bacarıqlı oyunçulardı. Hazırda bir neçə legionerlə danışıq aparılır. Tərlan müəllimin diqqətini çəkən əcnəbilər var ki, onlar da komandaya qoşulsalar, məncə, gücümüzə güc qatacaqlar. Özləri də “Keşlə”də çıxış etməkdə maraqlıdılar. Sadəcə, pandemiya başqa klublar kimi, bizim də işimizi çətinə salıb. Yollar açıq olsaydı, yubanmalar olmayacaqdı.

- Hücum xətti ilə bağlı durum narahatlıq doğurur.
- Tək siz yox, biz özümüz də narahatıq. Hücumçu məsələsi Azərbaycan klubları üçün dəyişməz problemə çevrilib. Ya yaxşı hücumçu tapmaq olmur, ya yaxşı hücumçu bura gəlmək istəmir, ya da gələn futbolçu uyğunlaşa bilmir. Hətta “Qarabağ” kimi avrokubok təcrübəsi zəngin olan komanda da bu baxımdan çətinlik çəkir. Çempionlar Liqasının qrupunda oynayan komanda belə, istədiyi forvardı rahat gətirə bilmir. Dino Ndlovunun gedişindən sonra bu baxımdan çətinlik özünü göstərir. Razıyam, müəyyən narahatlıq var. Amma yenə də səviyyəli hücumçu ilə güclənəcəyimizə ümid edirəm.

- Klub rəhbərliyi Avroliqa ilə bağlı qarşınıza konkret hədəf qoyub?
- Məqsədimiz mümkün qədər irəliləməkdi. Komanda üçün elə şərait yaradılıb ki, rəhbərliyin nəsə deməsinə ehtiyac qalmır. Dünənə qədər ölkə xaricində toplanış keçirdik, pandemiya olmasaydı, yenə harasa gedəcəkdik, heyətdə legionerlər çıxış edir, maaşlar vaxtında verilir. Belə şəraitin qarşılığında rəhbərlik hədəf qoymamalıdı, özümüz hədəf üçün çalışmalıyıq. Allahın izni ilə püşk üzümüzə gülər, biz də öz oyunumuz və qazanacağımız nəticələr ilə azarkeşləri sevindirərik.

- Canni De Byazi adı artıq hamımıza tanışdı. Bu ad sənə deyir?
- Yəqin ki, yığmadakı perspektivi ilə bağlı fikrimi bilmək istəyirsiz. Açığı, məşqçilik bacarığına elə də bələd deyiləm. Bildiyimiz odu ki, Albaniya millisi kimi ortabab komandanı AÇ-2016-nın final mərhələsinə yüksəltmişdi. Bunun özü zarafat deyil. İtalyan məşqçilər intizamlı futbolu sevirlər, əsasən müdafiədən oynamağa önəm verirlər. İndiki halda yığmamızın oynaya biləcəyi üslub budu. Çox güman, Albaniyanı da dediyim oyun fəlsəfəsi ilə final mərhələsinə yüksəltmişdi. Nə deyim, vallah... Proqnoz vermək çətindi. İçimdə ikili hisslər var, ona görə də nəsə deməyim doğru olmaz. Məncə, işini görəndən sonra fikir yürüdə bilərik.

- Vaqif Cavadov, Vüqar Nadirov, Əfran İsmayılov, Elvin Məmmədov – vaxtilə avrokuboklarda xarüqələr yaradan “Qarabağ”dakı komanda yoldaşların olublar. Bu gün isə hamısı klubsuzdu, yaxın duran yoxdu. Niyə?
- İnanırsız, bu mövzu yadıma düşəndə təəssüflənirəm. Tək Əfrana, Elvinə, Vüqar, yaxud Vaqifə görə yox. Belə futbolçular çoxdu, hətta bir çoxu karyerasını vaxtından əvvəl bitirməli olub. Uzun illər millidə çıxış et, avrokuboklarda oyna, ölkə futbolunda səni tanımayan olmasın, 30-31 yaşına çatanda klubsuz qal. Adama pis təsir edir. Bunun başlıca səbəbi premyer-liqada 8 komandanın çıxış etməsidi. Sizi inandırım, bu gün çempionatda 10-12 komanda mübarizə aparsa, heç biri klubsuz qalmaz. Eyni söz gənclərə də aiddi. Elitada yaşı limitə düşənlər bir-iki mövsüm oynayırlar, yaş keçəndən sonra yada düşmürlər. Artıq 23-24 yaşında lazımsıza çevrilirlər. 8 komandalı sistem olduqca böyük problemdi. Belə davam edəcəyi halda işsiz qalanlar çox olacaq. Nə deyim, Allah hamımıza kömək olsun! (Futbol+)