"Keşlə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"a 0:1  hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

 

- Oyun bizim üçün ağır oldu. Çünki bilirsiniz, "Qarabağ" neçə ildir ki, çempion olur. Şablon söz sayılmasın, yaxşı, oturuşmuş komandadır. Komandamızın əsas çətinliyi süni ot örtüyündən sonra təbii ot örtüyü olan meydançaya çıxması idi.  Özümüz də bunu hiss edirik, 2-ci dəfədir burada oynayırıq. Futbolçuların ayaqlarına və qaçmaqlarına çətinlik yaradır. Bundan əvvəl ancaq təbii ot örtüyündə məşq edirdik - Bakı Olimpia Stadionunda, "Dalğa Arena"da. O  məkanlarda daha rahat olurdu. Amma 3 həftədir ki,  yalnız süni ot örtüyündə məşq edirdik. Bizim öz meydançamız da süni ot örtüyü ilə olduğuna görə həddindən artıq ağır gəlir. Oyun da çox çətin keçdi. Buna baxmayaraq 0:1  hesabı elə də pis sayılmaz. Bundan sonra evdə oynayacayıq. Nə qədər çətin olsa da, mərhələni keçməyə çalışacağıq.

- Cavab oyununda qollu  heç-heçə də rəqibə görə sərfəli nəticə olacaq. Qalib gəlmək üçün nə etmək fikrindəsiniz?

-  Qələbə qazanmaq üçün, təbii ki, ancaq qol vurmaq lazımdır. Heç-heçə  istər qollu olsun, istərsə də qolsuz olsun,  yenə də bizim üçün sərfəli deyil. "Qarabağ"ı  məğlub etməliyik. O da asan olmayacaq. Bunu hamımız bilirik, dərk edirik. "Qarabağ"  da yorğundur, psixoloji vəziyyətləri qənaətbəxş deyil. Çalışacağıq ki, öhdəsindən gələk.

- Mərkəz müdafiəçiləri ilə bağlı problem var. Flores növbəti matçda meydanda ola biləcək,  amma Boyeviç yenə də yoxdur. Bu, sizin üçün nə dərəcədə çətindir?

- Düzdür, oyunçu çatışmazlığımız da var. Komandamıza kömək edəcək ehtiyat oyunçularımız da azdır. Bunu özümüz də bilirik, rəhbərlik də bilir. Qış fasiləsini gözləyirik. Yəqin ki, heyətimiz gücləndiriləcək. Müdafiəçilərin olmamağına gəldikdə isə özünüz də şahidi oldunuz, biri zədələndi, digəri qırmızı vərəqə ilə cəzalandırıldı. 3-cü sırada olmağımızda onların də əziyyəti çox olub.

- Çempionat oyununda "Qarabağ"la yaxşı mübarizə aparmışdınız- 2:2 hesablı heç heçə etmişdiniz. Ən azından motivasiya olaraq sizə təsir edir ki, qol vurub, keçə bilərsiniz?

- Azərbaycan çempionatında hər komanda ilə yaxşı oyun göstərmək mümkün olur. Bunu hər kəs yaxşı bilir ki, "Qarabağ" heyətinə görə bütün rəqiblərindən güclüdür. Sadəcə, motivasiya yaxşı olduqdan sonra oynamaq daha da rahat olur.

- Digər görüşdə "Sumqayıt" "Neftçi"ni məğlub etdi. O cütdə sürpriz nəticə ola bilər. Bəs, burada necə, belə bir şey gözləmək olar?

- Hazırda formada olan ən yaxşı dörd komanda bu səbətdə yer alıb. Bu necə püşkdür, anlamıram. Həqiqətən də baş açmaq olmur. Məsələn, İspaniya çempionatında 1-2-ci yerlərdə gedən “Real" və “Barselona” kimi komandalar püşk zamanı ayrı-ayrı səbətlərdə yer alırlar. Yəqin ki, bizdə 8 komandanın hamısını bir yerdə qarışdırıblar və 4-ü bir yerə düşüb. Azarkeşlər kubokda “Fənərbaxça” və “Qalatasaray”ı, daha sonra “Real"la “Barselona”nı finalda görməyi arzulayır. Yəqin ki, bizdə də “Neftçi” və “Qarabağ”ı arzulayırlar. Onlar bu mərhələni keçsə belə, finalda deyil, yarımfinalda qarşılaşacaqlar. Məncə, püşkü reytinqə görə atmaq lazım idi.

- Çempionatın səviyyəsi barədə fikriniz necədir?

- Çempionatın səviyyəsi barədə hamımız şablon olaraq danışırıq. 8 komanda iştirak edir. Bu isə bir az futbolçulara da çətinlik yaradır. Çünki bir komanda ilə 4 görüş keçirilir. Hətta,  kubokdakı oyunları da  saysaq, 6 dəfə olur. Bir yeməyi 2 dəfə yeyəndə iyrənirsən. Məncə, 1 komanda ilə 6 dəfə qarşılaşmaq artıq bezdirici gəlir. Mən bundan əvvəl 16 və ya 18 komandalı çempionatlarda oynamışam. 1999-2000 ildən yüksək liqada oynamışam. Həmişə 18 komandalı turnir olub. Hətta 12 klub olsa da, oyun sayı çox olub və marağı daha da artıq olub. Bizdə isə 8 komandadır və 28 oyuna turniri başa vururuq. Heç bir yerdə belə şey yoxdur ki, 28 oyuna çempionat yekunlaşsın. Məncə, bu 30-dan çox olmalıdır. Bu isə həm milli komandaya, həm də klublarımıza təsir edir.

- Hakimlə mübahisə etdiniz...

- Düzdür, mən rəqibi vurmuşdum. Özünə də dedim ki, mənə sarı vərəqə göstərə bilərsən. Sadəcə, top kənara çıxdığına görə aut qərarı verib, sonra sarı vərəqə göstərməsini istəyirdim. Buna görə də mübahisə yaranmışdı.