Rəşad Sadıqov futboldan getsin?
- 23 Avq 2021 11:00
- 983
Rəşad Sadıqov müstəqil Azərbaycan futbolunun yetişdirdiyi tək-tük yaxşı futbolçulardan olub. Karyerası boyu ölkənin ən iddialı klublarında, o cümlədən milli komandada forma geyinib. Pis-yaxşı, legioner həyatı da yaşayıb. Yəni bu adamın Azərbaycan futboluna zərəri dəyməyib ki, xeyiri dəyib. 1-2 il olar ki, futbolçu karyerasını başa vurub məşqçi kimi fəaliyyətə başlayıb. İstəyir ki, məşqçi kimi də ölkə futboluna fayda versin. Amma deyəsən Azərbaycan futbolundakı bəzi qüvvələrin istəyi ilə Sadıqovun istəyi üst-üstə düşmür. Belə olmasaydı, yola çıxar-çıxmaz qabağına maneə kimi düzülməzdilər. İlk maneə U-21 millisindən başladı. Adam qısa zamanda gül kimi komanda formalaşdırdı. Sıfırdan işə başladı, yeni komanda qurdu, qurduğu komanda da oyundan-oyuna artırmağa, daha döyüşkən oynamağa başladı. Növbəti seçmə mərhələdə həmin komandadan daha böyük uğurlar gözləyirdik. Ki, haqqında danışdığımız qüvvələr buna imkan vermədi. Rəşadın həm klubda futbol oynadığını, həm də paralel olaraq məşqçilik etdiyini bəhanə edərək, onunla yolları ayırdılar. Amma nədənsə bu qərarı verən adam hazırda AFFA-da iki postu birdən qamarlayıb oturub. Və yenə də nədənsə, ona eyni anda iki vəzifə tutduğunu deyib postundan göndərən yoxdur. Rəşada maneə olub onun U-21-dən göndərənlər əvəzində Milan Obradoviçi gətirdilər ki, həmin Obradoviç də Lixtenşteynə uduzaraq həm özünü biabır elədi, həm də bizi.
Ötən mövsümdən Sadıqov “Zirə”nin baş məşqçisi postuna gəlib. İstəyir ki, heç olmada burada normal komanda yaratsın, normal iş görüb heç olmasa klub məşqçisi kimi Azərbaycan futboluna fayda versin. Amma həmin qüvvələr buna da imkan vermək niyyətində deyil. Klub rəhbərliyinin qərarına müdaxilə edə bilməyincə, Sadıqovu hakimlərin əli ilə “vurmağa” başlayıblar. Keçən il “Zirə”yə qarşı az haqsızlıq olmadı. Amma sözlərimizin təsdiqi üçün heç keçən mövsümə səyahət etməyə ehtiyac yoxdur. Elə yeni mövsümün ilk iki turuna baxmaq kifayət edər. Ardıcıl iki turdur ki, “Zirə”nin haqqı yeyilir. Özü də bu haqqı yeyənlər elə yeyir ki, elə bil təndir çörəyinin arasına nehrə yağı ilə motal pendiri qoyub yeyir. “Qarabağ”la ilk tur matçında hesab 1:1 olarkən, Sadıqovun komandasının təmiz qolu sayılmadıl. Guya ofsayd imiş. Halbuki epizodun təkrarından açıq şəkildə görünür ki, qol zamanı “Qarabağ”ın qapıçısı və müdafiəçisi fərqlənən “Zirə” futbolçusundan daha öndə qərarlaşıb. Bundan başqa, oyunun dördüncü hakimi sanki oyunu buraxıb 90 dəqiqə Sadıqovu izləyirdi ki, onda hansısa nöqsan tutub vərəqə verdirsin. Yekunda istəyinə də nail oldu. Ümuiyyətlə, tək Rəşada yox, birbaşa dördüncü hakimin müdaxiləsi ilə “Zirə”nin əlehinə daha 3 sarı vərəqə verildi. Başa düşmürəm, vərəqələri dördüncü hakim təyin edirsə, baş hakim oyuna niyə çıxmışdı? Deyə bilərsiniz ki, epizod gözündən qaça bilər. Əgər bir baş hakim ki, 4 sarı vərəqəlik epizodu gözündən qaçırdırsa, o zaman niyə hakimlik edir?
Nəhayət, dünən “Neftçi” ilə oyunda növbti dəfə “Zirə”nin haqqını bal-qaymaqla yedilər. Matçın 60-cı dəqiqəsində “Zirə”nin hücumu zamanı “Neftçi”nin müdafiəçisi Bask cərimə meydançası daxilində topun qarşısını əli ilə kəsdi. Əgər əlin vəziyyəti təbii olsa, məsafə yaxın olsa, heç bunu müzakirə etməyinə dəyməz. Lakin top cinahdan hava ilə ötürülür və müdafiəçinin də əli bədənə bitişik yox, yana açılmış halda topun qarşısını kəsir. Hansı ki, o müdaxilə olmasaydı Baskın arxasında qərar tutan “Zirə” futbolçusunun hesabı açmaq şansı çox yüksək idi. Lakin haqlı penalti verilmir və “Zirə”nin haqqı yeyilir. Əvəzində “Neftçi” hesabı açır və yekunda qalib gəlir.
İndi demək istədiyim nədir? Həmin o qüvvələrin məqsədi nədir? Azərbaycan futboluna qənim kəsiliblər, illərdi Azərbaycan futbolunu çapırlar, talayırlar, uçurumun dibinə sürükləyiblər, bölgə futbolunu, uşaq futbolunu darmadağın ediblər, əvəzində dövlətin büdcəsindən, eləcə də UEFA-dan, FİFA-dan gələn milyonları dədələrinin malı kimi yeyirlər, bütün külli-ixtiyar da əllərində. Daha nələri çatmır? Yoxsa düşünürər ki, Qurban Qurbanov az idi, indi də Rəşad Sadıqov çıxdı başlarına? Ya da düşünürlər ki, indidən mane olmasaq ikinci bir “Qarabağ”ı da Rəşad yaradacaq? Adamın ağlına başqa heç nə gəlmir, bunların niyyəti ancaq bu ola bilər. Həmin qüvvələr istəyir ki, bu cür çirkin yollarla Rəşadı bezdirib futboldan uzaqlaşdırsınlar. Bəlkə siz özünüz çıxıb gedəsiniz? Rəşad hələ işləməyə təzə başlayıb, ona şans tanımaq və imkan vermək lazımdır. Siz isə 12 ildir Azərbaycan futbolundasınız və sayənizdə ölkədə futbolun ilk 5 hərfi artıq yoxdur. Qalan “l”-dı, o da bu gedişlə ən yaxın zamanda yoxa çıxacaq...
Anar XANLAROV