Rəşad Sadıqov: "Hakimlər haqda danışsam..."
- 19 Mar 2021 15:21
- 611
"Ambisiyalı insanam, hər yarışda qalib gəlmək istəyirəm. Yuxarı sıralarda gedəndə sən də iddialı olmaq istəyirsən".
Rekord.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişində deyib.
O, komandanın oyunlarına nəzər salanda nəticələrinin pis olmadığını bildirib: "Mövsümün əvvəlində qarşımda konkret məqsəd yox idi. Hər baş məşqçi istəyər ki, birinci mövsümündə avrokuboklara vəsiqə qazansın. Komandanı çətin dövrdə qəbul etdim. Pandemiyaya görə oyunlar dayanmışdı. Düşünürəm ki, nəticələrimiz pis deyil".
39 yaşlı mütəxəssis komandasından razı olduğunu qeyd edib: "Həm mübariz, həm də keyfiyyətli oyunçuları xoşlayıram. Amma bizim kimi klubların büdcəsi belə futbolçuları almağa imkan vermir. Daha geniş heyət istərdim. Lakin komandamdan razıyam. Kollektivdə ilk növbədə sağlam kollektiv formalaşdırmalısan. Mən də ilk ilimdə bu yolu seçdim".
Bu mövsümdəki hakim idarəçiliyi barədə də danışan baş məşqçi narazılığını gizlətməyib: "Bizdə də hakimlərlə bağlı narazılıqlar var. Oyunlarımızda nəticəyə təsir edən səhvlər olub. Amma bu məqamı çox qabartmaq istəmirəm. Onlar da insandır. Əsas odur, biz hiss etməyək ki, burada qərəz var. Mən hakimlərlə bağlı danışsam, futbolçularıma da mənfi təsir edəcək. Sabah onlar da meydanda hər epizoda reaksiya verəcək, ruhdan düşəcəklər".