Rəşad Sadıqov karyerasını başa vuracağı vaxtı açıqladı
- 10 Mar 2020 16:00
- 630
“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov açıqlama verib.
Rekord.az xəbər verir ki, Sadıqov mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini deyib:
“Düzü, mən ötən mövsümün sonunda karyeramı bitirmək istəyirdim. Baş məşqçimiz Qurban Qurbanovla da bu barədə söhbətim olmuşdu. Onunla görüşümüzdən sonra klub tərəfindən mənə iki illik müqavilə təklif olundu. Amma bir illik müqavilə bağlayıb, daha sonra karyeramla bağlı qərar vermək istədim.
Komandamız yanvarda Antalyada təlim-məşq toplanışında olan vaxt Qurban müəllimlə yenidən bu yöndə söhbətimiz oldu. Ona karyeramı bitirmək barədə qərarımın qəti olduğunu bildirdim.
Sadəcə, bu barədə danışmaq istəmirdim. Düşünürdüm ki, futbolçu karyeramı bitirməyimi çempionatın son turlarına yaxın elan edərəm. Bilirsiniz ki, milli komandada da karyeramı bitirərkən seçmə mərhələnin sonuna 1-2 oyun qalmış bunu bildirmişdim.
Amma iki gün əvvəl Qurban müəllimə mətbuat konfransında bu barədə sual verildi. O, bu sualı cavablandırdığından, artıq bunu təsdiqləyə bilərəm. Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır”. (Oxu.az)
Azərbaycanda “Turan Tovuz”, “Neftçi” və “Qarabağ” klublarının formasını geyinən Sadıqov, 8 dəfə Premyer Liqanın, 4 dəfə də ölkə kubokunun qalibi olub. 37 yaşlı müdafiəçi 111 dəfə də Azərbaycan milli komandasının formasını geyinib.