“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk dəqiqələr tam düşündüyümüz kimi oldu. Üstünlük qazana bildik, topa nəzarət edirdik. Ümumən ilk yarıda qırmızı vərəqəyədək yaxşı oynadıq. Rəqib azlıqda qaldıqdan sonra futbolçularım konsentrasiyanı itirdi. Say üstünlüyündən istifadə etməyə çalışırdıq. Sonda buna nail olduq və çox vacib qələbə qazandıq.

Oyunumuzda dəyişiklik etməyə çalışırıq. Daha hücumameyilli oynamaq istəyirik. Heyəti də bu düşüncə ilə komplektləşdirdik. Bəzən alınır, bəzən işlər düşündüyümüz kimi getmir. Ümumilikdə isə çıxışımızdan razı qaldım”.