Rəşadı belə asan xərcləmək olmaz
- 19 Fev 2024 18:18
- 544
"Zirə"nin işi qalıb Allaha. Bu qədər hücum edəsən, oyunu hücumda keçirdəsən meydançanı qolsuz, xalsız tərk edəsən. İki qol vurasan, o da sayılmaya. Məncə, ilk epizodda hakimlər haqlı idi, Qismət Lebonun ayağını tapdalamışdı və VAR da qaydalara uyğun olaraq, epizodu başlanğıc nöqtədən incələyib düzgün qərar verdi. "Zirə" - "Neftçi" matçında da oxşar epizodda "Neftçi"nin qapısına penalti təyin olunmuşdu. Amma ikinci epizod mübahisəli idi. O epizodu buraxmaq lazımdır sırf yan xətt hakimi Akif Əmrəlinin vicdanına. Çünki topun havada ikən xətti keçməsinə dair heç bir sübut ortaya qoyulmadı. Elə aşkar epizod da deyildi ki, deyəsən çıxmışdı, hamı gördü. Bu amil çempionatın daha yüksək səviyyəli çəkilişinin vacib olduğunu ortaya qoymuş oldu. Qapı arxası çəkilişlər mütləqdi.
Bütün hallarda 10 oyundu qələbə qazanmayan, 9 oyundu qol vurmayan komanda ilk növbədə problemi özündə axtarmalıdı. RBaş məşqçi Rəşad Sadıqovla bağlı səslənən "istefa" fikirlərinin qəti əlehinəyəm. Rəşad da Qurban Qurbanov, Nazim Süleymanov, Vəli Qasımov və digər bir neçə futbol adamları kimi, bizim futbolun dəyərlərindəndir, onu itirmək, asan xərcləmək olmaz. Şans vermək, dəstək olmaq lazımdır. Qurban Qurbanov bu səviyyəyə həmin şansın, dəstəyin sayəsində gəlib. Vaxtında həmin şansı, dəstəyi "Neftçi" ona vermədi. Amma "Qarabağ" verdi. Bu gün qarşılığını da artıqlaması ilə görür. Təəssüf ki, bəzən biz öz dəyərlərimizə layiqli qiymət vermirik. Bəzən yox, hətta deyərdim, əksər hallarda bu qiymət verilmir. Müstəqillik dönəmimizin ən parlaq futbol simalarımızdan olan, Rusiya çempionu, ölkə xaricində çempionluq yaşayan yeganə futbolçumuz olan Nazim Süleymanov bu gün I liqanın qeyri-peşəkar "İrəvan"nından asılı vəziyyətdə qalıb. Süleymanova layiq olduğu dəyər və iış verilsə, o heç vaxt gedib bu cür qeyri-peşəkar mühitdə çalışmaz. Amma çalışmağa məcburdu. Çünki AFFA-da, klublarda onun oturmalı olduğu kreslolarda futboldan bixəbər insanlar oturub.
Vəli Qasımov Rusiya çempionatının ilk bombardiridir. Adam "Betis"dən vurub, "Albaseta"dan çıxıb, vurduğu qolla Portuqaliyada "TOP 5"-ə düşüb, amma təəssüf ki, bu gün adı çəkiləndə çoxları onu hansısa mətbuat konfransında dediyi "daldan" sözünə görə xatırlayır. Belə olmalı deyil. O cümlədən də Rəşadın Azərbaycan futbolunda olan bunca xidmətlərinə qarşılıq, onun üzərindən belə rahat xətt çəkilməməlidir. Bəli, "Zirə"də bu gün problemlər var. Komanda uzun müddətdir qol vura, qələbə qazana bilmir. Təbii ki, bu problemdən, sindromdan təcili şəkildə çıxış yolu tapılmalıdır. Çözüm tapmaq lazımdır ki, bu qədər hücum potensialı olan komanda niyə 9 turdu qol vura bilmir. BU çözümü də təbii ki, Rəşad tapmalıdır. Şübhə eləmirəm ki, ən qısa zamanda tapacaq.
Anar XANLAROV