Respublika stadionunun qazonu niyə bərbad gündədir?
- 24 Avq 2020 17:00
- 828
“Qarabağ”ın “Sileks”lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunundan öncə və qarşılaşma zamanı diqqəti bir məqam çəkdi. Arenanın ot örtüyü çox pis vəziyyətdə idi: futbolçular həm rəqibə, həm də meydana qarşı mübarizə aparırdılar. Maksim Medvedin ayağının burxulmasına da elə bərbad qazon səbəb oldu.
Rekord.az xəbər verir ki, sosial şəbəkələrdə və idman mediasında ən çox müzakirə olunan məsələ ötən illərdə yaxşı vəziyyətdə olan ot örtüyünün indiki durumudu.
Hərə bir səbəb axtarır. Bir çoxları iddia edir ki, ingiltərəli mütəxəssis Fil Şarplesin gedişindən sonra qazon bu hala düşüb. Hətta 2018 və 2019-cu illərdəki fotolardan da meydanın indikindən çox yaxşı vəziyyətdə olduğunu görmək mümkündü.
Ot örtüyünün bu hala düşməsinin səbəblərini aydınlaşdırmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyevlə əlaqə saxladıq. Həmsöhbətimiz problemi yay fəsli ilə əlaqələndirdi: “Hər il iyulun sonu, avqustun əvvəlində vəziyyət belə olur. 10 gün ərzində ot örtüyü yenidən ideal hala gələcək. Burda problemin nədən qaynaqlandığını bilmirik. Stadiona nəzarəti “Qarabağ” edir. Onlar da öz növbəsində işlərini yaxşı görürlər. Amma hər il eyni problemlə üzləşirik. Stadionun çökəklikdə yerləşməsi də buna təsir edə bilər”.
Quliyev əvvəlki iki ildə meydanın durumunun yaxşı olması ilə bağlı isə bunları söylədi: “Fotolarla mən də tanışam. Amma həmin şəkillər hansı aylarda lentə alınıb? Əsas məsələ budu. Bu gün stadion dünənkinə baxanda daha yaxşıdı. Yenə deyirəm, ot örtüyü hər il iyulun sonu, avqustun əvvəlində bu hala düşür”.
“Tofiq Bəhramov”un direktoru ot örtüyünün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə kimi hazır olub-olmayacağı haqda bunları dedi: “Qurban Qurbanov açıqlama verib ki, UEFA-ya stadionun dəyişməsi üçün müraciət ediblər. Onların nə qərar verəcəklərini bilmirəm. Mən onu deyə bilərəm ki, 10 gündən sonra qazon daha yaxşı vəziyyətdə olacaq. Gənclər və İdman Nazirliyinə də arenanın son halının fotolarını göndərmişik. Fotoları sizə də göndərərik, özünüz baxarsız. Dünənə nisbətən bu gün vəziyyət daha yaxşıdı. İkinci təsnifat mərhələsindəki oyunda vəziyyətin yaxşı olub-olmayacağı bəlli deyil”.
Şamil Quliyev birmənalı şəkildə bildir ki, Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyünün vəziyyəti ilə bağlı işlərə “Qarabağ” nəzarət edir. Yəni problemlərə birbaşa Ağdam təmsilçisi cavabdehdi. Burdan belə aydın olur ki, ot örtüyünün yaxşı vəziyyətə gətirilməsi “köhlən atlar”ın öhdəliyində olan məsələdi. Bunu nəzərə alaraq klubun mövqeyini öyrənməyi məqsədəuyğun saydıq. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu dinləyək: “Bəli, stadionda yaranan problemləri biz aradan qaldırırıq. Bunun üçün xüsusi komanda ilə işləyirik. Onlar otun biçimini, yaxşılaşdırılmasını və oyuna hazır olmasını təmin edirlər. Ümumiyyətlə, stadionun öt örtdüyü uzun müddətdi dəyişmir. Əsas məqsədimiz bu problemi aradan qaldırmaq idi. Amma pandemiya səbəbindən istədiyimiz avadanlıqları ölkəyə gətirə bilmədik. Ona görə də belə problem ortaya çıxdı. Tofiq Bəhramov adına Respublika stadionunda ilin müəyyən aylarında ot örtüyü bu hala düşür. Ötən illərdə avqustun sonuna kimi problemləri həll edirdik. İndi isə məlum vəziyyətə görə alınmadı”.
Klub rəsmisi ÇL-də 3-cü təsnifat mərhələsinə keçəcəkləri halda “Azərsun Arena”nı, yoxsa “Tofiq Bəhramov”u sifariş verəcəkləri barədə də məlumat verdi: “Əsas məqsədimiz 2-ci təsnifat mərhələsinə hazırlaşmaqdı. Turu keçməmiş bu barədə nəsə demək düzgün olmaz. İkinci mərhələdə də qalib gəlsək, püşkatmanın nəticəsinə uyğun oyunumuzu doğma meydanda keçirməli olsaq, onda UEFA-ya bu haqda müraciət edə bilərik. Əlbəttə, qazonun vəziyyəti düzəlməsə, bunu edəcəyik”.
Artıq “Qarabağ”ın ÇL-in 2-ci təsnifat mərhələsindəki oyununu keçirəcəyi məkanın adı bəllidi. Ağdamlılar rəqibini yenidən “Tofiq Bəhramov” da qəbul edəcək. Son çempion premyer-liqanın açılış turunda isə “Sabah”ı “Azərsun Arena”da qonaq edəcək. (sportinfo.az)