Reytinq turnirində 1 qızıl, 1 bürünc medal şansı
- 06 İyn 2024 19:00
- 229
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə start verilib.
Rekord.az xəbər verir ki, bu gün 3 sərbəst güləşçimiz mübarizə aparıb.
Əliabbas Rzazadə (57 kq) 1/4 finalda özbəkistanlı Qulamjon Abdullayevə “tuş”la qalib gəlib. Ancaq yarımfinalda hakimlərin müəmmalı qərarları və zədə həlledici olub. Belə ki, yaponiyalı Rei Hiquçiylə görüşdə həmyerlimizin ardıcıl fəndləri cəmi 8 xalla qiymətləndirilib. Qarşılaşmanın davamında Əliabbasın çiynindən aldığı zədə rəqibə müqavimət göstərməyə imkan verməyib – 8:18. Rzazadə zədələndiyi üçün bürünc medal uğrunda görüşə də çıxmayıb.
Hacı Əliyev (65 kq) A qrupunda ilk turda yaponiyalı Kotaro Kiyokaya 5:2 hesabıyla qalib gəlib. Özbəkistanlı Ümidjon Calalov xalçaya çıxmadığı üçün 2-ci turda həmyerlimizə texniki qələbə verilib. Əliyev 3-cü turda son dünya çempionu İsmayıl Musukayevə (Macarıstan) məğlub olub – 3:9. Hacı yarımfinalda iranlı Abbas İbrahimzadəyə 0:6 hesabıyla uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə meksikalı Austin Qomeslə qarşılaşacaq.
Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda slovakiyalı Batirbek Tsakulova tam üstünlüklə qalib gəlib – 12:2. Təmsilçimiz yarımfinalda qazaxıstanlı Rızabek Aitmuxandan güclü olub – 15:7. Maqomedxan finalda Əlişir Yergaliylə üz-üzə gələcək.