Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə ilin ilk reytinq turnirinə start verilib.


Rekord.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.


İslam Bazarqanov (57 kq) 1/4 finalda serbiyalı Azamat Tuskayevə 3:1 hesabıyla qalib gəlib. Bazarqanov yarımfinalda isə iranlı Fərhad Xateri üzərində tam üstünlüklə (10:0) qələbə qazanıb. İslam finalda amerikalı Spenser Liyə 2:6 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.


Nürəddin Novruzov (61 kq) təsnifat mərhələsində iranlı İbrahim Xari ilə bacarmayıb – 0:10. Novruzov təsəlliverici görüşdə moldovalı Leomid Kolesnikə tam üstünlüklə (14:3) qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə iranlı Reza Momenizadəni məyus edib – 8:4.


Əli Rəhimzadə (65 kq) ilk mərhələdə polşalı Xristof Bienkovskini yarışdan kənarlaşdırıb – 3:0. Rəhimzadə 1/4 finalda amerikalı Josef Makkennaya 4:7 hesabıyla məğlub olub. Əli bürünc medal uğrunda gürcüstanlı Qoqa Otinaşviliylə mübarizədən qalib ayrılıb – 6:0.


Kənan Heybətov (70 kq) təsnifat mərhələsində meksikalı Austin Qomezdən güclü olub – 9:5. Həmyerlimiz 1/4 finalda polşalı Patrik Olenşinə heç bir şans tanımayıb – 11:1. Heybətov yarımfinalda gücünü iranlı İbrahim İlahiçurana göstərib – 10:5. Kənan finalda İran yığmasının digər üzvü Sina Xalili üzərində də inamlı qələbə qazanıb – 12:1.


Ağanəzər Novruzov (74 kq) 1/4 finalda slovakiyalı Taymuraz Salkazanova 0:5 hesabıyla uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə isə gürcüstanlı Giorgi Elbakidzeyə 2:3 hesabıyla məğlub olub.


Arseniy Djioyev (86 kq) ukraynalı Muxammed Aliyev və gürcüstanlı Tariyel Gafrindaşviliyə vaxtından əvvəl (10:0) qalib gəlib. Djioyev amerikalı Trent Hidleyi də 5:0 hesabıyla üstələyərək adını finala yazdırıb. Onun həlledici qarşılaşmada rəqibi amerikalı Zahid Valensiya olub. Rəqibinə 0:8 hesabıyla uduzan Arseniy gümüş medalı boynundan asıb.


Sabah Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) xalçaya çıxacaq.