AFFA son zamanlar baş verən dəyişikliklər, xüsusilə Elxan Məmmədovun federasiyadan gedişi onun futboldakı kadrlarının da karyerasına təsirsiz ötüşməyəcək. Artıq bununla bağlı ilkin siqnallar da gəlməyə başlayıb. 

Rekord.az-a etibarlı mənbədən daxil olan məlumata görə, "Sumqayıt"da köklü dəyişikliklər gözlənilir.

Söhbət klub rəhbərliyindən tutmuş, maliyyə idarəçiliyinə kimi, hər şeydən gedir. Məlumdur ki, klub 2010-cu ildə AFFA-ın təşəbbüsü ilə yaradılıb və SOCAR-ın nəzdində olan "Azərikimya" şirkəti də klubun rəsmi sponsoru kimi təsdiqlənib. İdarəçiliik isə bütünlüklə federasiyanın əlində olub. Belə ki, rəsmi sponsor "Azərikimya" olsa da, şirkət rəhbərliyinin klubun fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yox idi. SOCAR-dan tapşırıq bu idi ki, "Azərkimya" kluba bəlli büdcəni ayırır, amma başqa heç bir şeyə müdaxilə etmirdi. Həmin vəsaitin xərclənməsi birbaşa Elxan Məmmədov və onun kluba təyin etdiyi rəhbərin səlahiyyətində idi. Məlum məsələ idi ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev olduğundan Elxan Məmmədov və Kamran Quliyev, ondan da sonra Riad Rəfiyev üçün ayrılan vəsaiti xərcləmək çox rahat idi. İndi isə vəziyyət dəyişib. Rövnəq Abdullayev daha SOCAR prezidenti deyil. O cümlədən, Elxan Məmmədov da AFFA-nın icraçı vitse-prezidenti postundan gedib. SOCAR-a yeni idarəçilər gəldiyindən hər qəpiyə ciddi nəzarət var. Eyni zamanda "Azərikimya" rəhbərliyi də növbəti mövsümdən "Sumqayıt"a birbaşa müdaxilə etməyi düşünür. Müzakirə olunan məsələlərdən biri də klub prezidenti postunda dəyişikliklə bağlıdır. Şirkət rəhbərliyi Riad Rəfiyevi göndərib yerinə öz kadrlarından birini gətirməyi düşünür. Bununla bağlı SOCAR rəhbərliyi ilə müzakirələr də aparılacaq. Rəfiyevin gedəcəyi təqdirdə klubun rəhbər postlarını tutan əksər şəxslərin də postlarını itirəcəyi gözlənilir.