Riçard Almeyda: “Sizdən soruşuram, ədalətli nəticə idi?”
- 25 Okt 2019 00:21
- 876
Avropa Liqasının qrup mərhələsində APOEL-lə Bakıda qollu bərabərə qalan (2:2) "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda qarşılaşmadan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb
Rekord.az xəbər verir ki, milli komandamızın üzvü bəxtlərinin gətirmədiyini söyləyib.
- Oyundan məmnun qaldınızmı?
- Ümumilikdə oyun barədə fikirlərim pozitivdi. Həftəboyu məşqlərdə nələrin üzərində çalışmışdıqsa, bu gün meydanda onu reallaşdırmağa çalışdıq. Əgər məğlub oluruqsa, heç-heçə ediriksə və ya qələbə qazanırıqsa, bunu hamılıqla edirik. Səhvlər də qaçılmazdı. Bu gün gözəl oyun sərgilədik, çoxlu qol vəziyyətləri yaratdıq. Kiprdə qələbə qazanmaq üçün burdakından üç dəfə yaxşı oynamalıyıq.
- "Qarabağ"ın heyətində meydanda ikinci ən yaşlı oyunçu olsanız da, 90 dəqiqə dayanmadan mübarizə apardınız...
- Yaş kağız üzərində olur. Əgər düzgün qidalanıb, orqanizmini qoruyursansa, peşəkar futbolçuya xas olan bütün işləri görürsənsə və mükəmməl ailən varsa, yaş önəmli olmur.
- Necə düşünürsünüz, nəticə oyuna görə oldu?
- Mən də sizdən soruşmaq istərdim. Sizcə, ədalətli nəticə idi?
- APOEL-in baş məşqçisi Tomas Doll dünən demişdi ki, burdan gülərək gedən mən olacam. Sizcə, onlar gülərək gedirlər, yoxsa təəssüf hissi ilə?
- Mənə elə gəlir ki, bəxtləri gətirdiyi üçün gülərək getməlidilər. Amma yenə də xalsız qalmaqdansa, 1 xal da qənimətdi. Başımızı yuxarı qaldırmalıyıq. Bayaq da dediyim kimi, Kiprdə xal və ya xallar qazanmaq üçün bundan yaxşı çıxış etməliyik. İrəli baxmalıyıq. Dörd gün sonra çempionatda "Səbail"ə qarşı oyunumuz var. Həyat davam edir.
- Çempionatdan söz düşmüşkən, avrokubokda 30 min, çempionatda isə 300-500 azarkeşin qarşısında oynamaq çıxışınıza nə dərəcədə təsir edir?
- Fərq etmir. Meydana çıxırsansa, tribunada 10 və ya 40 nəfərin olmasının heç bir önəmi yoxdu. Qarşındakı rəqibin "Sevilya", APOEL və ya "Səbail"in olmasının da fərqi yoxdu. "Qarabağ" olaraq, hər zaman qələbə barədə düşünmüşük. 6 ildi ancaq inkişafı düşünərək, bu səviyyəyə gəlmişik. Bundan sonra da belə olacaq. (matc.az)