Niderland milli komandasının və “Bavariya”nın sabiq futbolçusu Aryen Robben karyerasını bitirib.

Rekord.az xəbər verir ki, bu barədə 37 yaşlı oyunçu “instagram” hesabında paylaşım edib. O, futbolçu karyerasını bitirdiyini bildirib.

Robben peşəkar karyerasına Niderlandın “Qroningen” klubunda başlayıb. O, daha sonra PSV, “Çelsi”, “Real” və “Bavariya”da forma geyinib. Aryen Münhen klubunda 18 kubok qazanıb. Bütövlükdə isə o, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə UEFA Superkubokunun, 8 dəfə Almaniya Bundesliqasının, 5 dəfə Almaniya Kubokunun, 2 dəfə İngiltərə Kubokunun, 2 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə Hollandiya Superkubokunun, 1 dəfə Hollandiya çempionatının, 1 dəfə İspaniya La Liqasının qalibi olub. Robben rəqib qapılarından 99 top keçirməklə Bundesliqada ən çox qol vuran niderlandlı futbolçudu.

Niderland millisində 96 oyuna çıxan yarımmüdafiəçi 37 qola imza atıb.