Robert Prosineçki: "AFFA-dan heç bir dəvət gəlməyib" MÜSAHİBƏ
- 24 Noy 2019 12:00
- 1145
Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki sportinfo.az-a müsahibə verib. Rekord.az xəbər verir ki yenidən yığmamızın sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirən xorvatiyalı mütəxəssis həmyerlisi Nikola Yurçeviçin Azərbaycandakı işinə də toxunub:
- Cənab Prosineçki, sizi Bakıdan narahat edirəm. Bir neçə sualım olacaq. Cavablandıra bilərsiz?
- Salam, buyurun. Amma vaxtım azdır. Zəhmət olmasa, çox sual olmasın.
- Adınız Azərbaycan millisi ilə hallanır. AFFA-dən sizə konkret təklif olubmu?
- Xeyr, mənə AFFA-dən heç bir dəvət gəlməyib.
- Yığmamız ən uğurlu nəticəni sizin vaxtınızda qazanıb, seçmə mərhələdə 10 xal yığıb. Yenidən millimizdə işləmək istərdiniz?
- Mən hazırda Bosniya və Herseqovinanı çalışdırıram. Ona görə də bu suala cavab verməyim doğru olmaz. Ümumiyyətlə, bu haqda heç nə danışmaq istəmirəm.
- Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurdu. Yığmanın sabiq çalışdırıcısı kimi fikrinizi bilmək maraqlı olar...
- Düzdür, Azərbaycan seçmə mərhələdə cəmi 1 xal yığdı. Bunun zəif göstərici olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, milliniz çətin qrupda mübarizə aparırdı.
- AFFA rəhbərliyi həmyerliniz Nikola Yurçeviçin işindən narazı qalıb. Böyük ehtimalla, dekabrda istefaya göndəriləcək. Bu məsələylə bağlı AFFA-ya nə məsləhət görərdiz?
- Mənim kiminsə işinə qarışmaq fikrim yoxdur. Ona görə bu məsələyə də şərh vermək istəmirəm.
- Ümumiyyətlə, millimizin oyunlarını izləyə bilirsiz?
- Xeyr, buna vaxtım olmur. Çünki özümün Bosniya millisindəki işlərim həddindən artıq çoxdur. Əlavə nəsə etməyə elə çox vaxt qalmır.
- Bosniya və Herseqovina millisindəki vəziyyətiniz necədir? İstefa verdiz, rəhbərlik qəbul etmədi. Deyəsən, işinizdən razıdırlar...
- Hər şey qaydasındadır, işlərim yolunda gedir. Qarşıda bizi pley-off oyunları gözləyir. Yarımfinalda Şimali İrlandiya ilə oynayacağıq. Əsas fikrimiz həmin matçdadır. Udub, finala çıxmaq istəyirik.