Roberto Bordin: “Rəqib qələbəyə layiq idi”
- 09 Noy 2019 19:36
- 1015
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Demək olar ki, ən pis oyunumuzu keçirdik. İstədiyimiz oyunu göstərə bilmədik. Bu oyuna görə üzgünəm, çünki futbolçularımızın göstərdiyi oyun öz səviyyələrindən aşağı idi. Təəssüf ki, məğlub olduq.
- Məğlubiyyətdə daha çox kim günahkardı: baş məşqçi, yoxsa komanda?
- Bu, komanda oyunudu. Qalib gələndə də komanda qalib gəlir, məğlub olanda da komanda olaraq məğlub oluruq.
- Sizə elə gəlmir ki, Dario Federiko daha çox fərdi oyun üstünlük verir?
- Futbolçular öz səviyyələrindən aşağı çıxış etdilər. Deməzdim ki, məhz Darioda problem oldu, ümumilikdə komandanın oyunu alınmadı. Onun da bir neçə epizodu oldu ki, zərbəsi alınmadı. Ümumi oyunumuz yaxşı alınmadı, hətta 3-cü qolu da buraxa bilərdik. Rəqib hücum etdikcə, futbolçularımız fərdi səhvlər edirdi. Bu da növbəti qola gətirib çıxara bilərdi. Futbolçular həftə boyu yaşxı məşq etmişdilər, ilk qolu da biz vurduq. Bu gün bizim günümüz deyildi. Əvvəlki oyunlara nəzər yetirsək, o oyunlardan çox az əsər-əlamət vardı.
- Rəqibin heyətində Sezar Meza Kolli oyunun taleyini həll etdi, amma müdafiəçiləriniz onun qarşısını ala bilmədi. Meza Kolliyə görə futbolçulara hansısa tapşırıq verildi?
- Təkcə, Meza Kolli yox, rəqibin əksər futbolçuları özünü yaxşı tərəfdən göstərə bildi. Mən də futbolçularıma tapşırmışdım ki, onun qarşısını alsınlar.
- Sizcə, bu oyuna damğa vuranlardan biri də baş hakim olmadı?
- Ümumi götürdükdə, oyun ərzində verilən epizodlar ədalətli olmadı. Dabonun epizodunda ona qarşı kobudluq oldu, sarı vərəqə istədilər, hakim onun özünə vərəqə verdi. Hətta mənə də sarı vərəqə verdi.
- Düşünmürsüz ki, məğlubiyyət limitini doldurmusuz? Çempionluq şansınız varmı?
- Hələ tur bitməyib, sabah da rəqiblərin oyunu var. Özümüz özümüzü çətinə saldıq. Çalışacağıq ki, bu məğlubiyyəti həzm edib, növbəti oyunlara hazırlaşaq.
- Təkcə hakimlərə deyil, rəqib məşqçilərə də etiraz edirdiz. Bu, nəylə bağlı idi?
- Bu gün rəqib komanda qələbəyə layiq idi. Biz məğlub olmalı idik. Məğlubiyyətə hansısa səbəb axtarmıram. Amma dediyim kimi, obyektivlik olmalıdı. Sadəcə, rəqib komandanın ehtiyat skamlyasına etiraz edərkən mənə sarı vərəqə verən, amma Dabonun epizodunda sarı vərəqə verməyən hakimə etiraz etdim. Bir neçə epizod oldu ki, ona görə etirazlarım vardı. (komanda.az)