İtaliyanın “Roma” klubu nümunəvi addımla gündəmə gəlib.

Rekord.az xəbər verir ki, klub, koronavirus pandemiyası ilə mübarizədə böyük rol oynayan səhiyyə işçilərinin şərəfinə bir sıra addımlar atıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “canavarlar”, çempionat bərpa olunduqdan sonra keçirəcəkləri ilk ev oyununu həkimlərə həsr edəcək. Bunun üçün klub həkimlərə 5000 pulsuz bilet ayıracaq. Bundan başqa, paytaxt klubu növbəti mövsümdən etibarən səhiyyə işçiləri üçün yeni və endirimli biletlər hazırlamağı planlaşdırır.

İtaliyada 50-dən çox səhiyyə işçisi koronavirusun qurbanı olub.

Daha əvvəl klub pandemiya ilə mübarizə üçün maddi yardım aksiyası başlatmış, futbolçular və texniki heyət bir günlük məvaciblərini toplayaraq, xəstəxanalara bağışlamışdı.