“Mançester Yunayted”un hücumçusu Kristiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekordlara imza atıb.

Rekord.az xəbər verir ki, portuqaliyalı futbolçu buna qrup mərhələsinin ilk turu çərçivəsində baş tutan “Yanq Boyz”la (İsveçrə) səfər oyununda nail olub.

Ronaldo bu matçın iştirakçısı olmaqla Çempionlar Liqasında 177-ci oyununa çıxıb. Bununla da o, Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyasa məxsus rekordu təkrarlayıb. Ronaldo daha bir oyuna çıxacağı halda, ÇL-də ən çox oyun keçirmiş futbolçu kimi mütləq rekordçu olacaq. Hazırda Kasilyasla Ronaldonu Xavi (151), Lionel Messi (149) və Raul (142) izləyir.

Çempionlar Liqasında qrup mərhələsinin 2021/22 mövsümünün ilk qolunu da Ronaldo vurub. Portuqaliyalı hücumçu 13-cü dəqiqədə fərqlənməklə həm komandasını hesabda önə keçirib, həm də özünə aid rekordu yeniləyib. Çünki ÇL-də ən çox qol vuran futbolçu məhz Ronaldodur – 135 qol. 36 yaşlı hücumçu həm də iki ayrı mövsümdə ÇL-in qrup mərhələsinin ilk qoluna imza atmış futbolçu kimi tarixə düşüb. O, 2009-cu ildə Madrid “Real”ında çıxış edərkən “Sürix”ə 5:2 hesabıyla qalib gəldikləri oyunda da ÇL-in 2009/10 mövsümünün ilk qolunu vurmuşdu.

Ronaldo, “Yanq Boyz”la oyuna qədər Lionel Messi və Kərim Benzema ilə birgə ÇL tarixində ardıcıl 16 mövsüm qol vuran futbolçu idi. O, bu oyunda vurduğu qolla ardıcı 17-ci mövsümdə ÇL-də fərqlənməyi bacaran ilk futbolçu ünvanına da sahib çıxıb.

Kristiano İsveçrə təmsilçisini cəzalandırmaqla ÇL-də 36 fərqli komandanın qapısına yol tapdı. Bununla da o, Lionel Messinin rekorduna şərik çıxıb.