Rövlan Muradov: "Topu çıxarmaq lazım idisə, bunu birinci onlar emtəli idilər" MÜSAHİBƏ
- 06 May 2024 13:09
- 497
“Sumqayıt”ın futbolçusu Rövlan Muradov Rekord.az-a müsahibə verib:
- Son dəqiqədə gələn qolla çox vacib 2 xal itirdiniz. Nə baş verdi?
- Özümüz də başa düşmədik nə baş verdiyini. Bilmirəm bunu nə adlandırım, bəxtsizlikmi, yoxsa nə.
- Rəqib də 10 nəfərə qalmışdı…
- Bəli, rəqib də 10 nəfər idi və düşünürəm ki, belə qol buraxmamalı idik. Ani diqqətsizlikdən elə bir qol buraxdıq.
- Rəqib qapıçıdan başla o cür ötürmə gözləmədiyiniz üçün nəzarətsiz qoymuşdunuz?
- Yox, gözləyirdik. Qapıçı bizim cərimə meydançasına gələndə bir-birimizə xəbərdarlıq elədik ki, bir nəfər qapıçını tutsun. Lakin ani diqqətsizlik oldu, heç kim tutmadı.
- Ümumi oyunu necə dəyərləndirərdin? Samir Abasov oyundan o qədər də razı qalmadı. Xüsusilə də müdafiə xəttinin oyunundan…
- Çox böyük səhvlər elədik, əks-hücumlarda çox yaxalandıq, çox top itkilərinə yol verdik. Yəni Samir müəllimin verdiyi tapşırıqları yerinə yetirə bilmədik. Yetirsəydik, burden nəticə ilə qayıdardıq.
- Süni meydança amilinin rolu oldu, yoxsa komanda bir tur öncə “Qarabağ”la oyunda çox güc itirmişdi?
- Süni meydançanı bəhanə etmək istəməzdim, çünki hər iki komanda eyni meydançada oynayır. “Qarabağ”la oyundan sonra bilirdik ki, bizi çətin oyun gözləyir. Qarşıda bizi daha üç ağır oyun gözləyir və həmin üç oyundan maksimum nəticə götürməliyik.
- “Kəpəz” sizə qarşı xüsusi motivasiya ilə mübarizə apardı və bərabərlik qolunu da çox böyük coşqu ilə qeyd etdilər. Rəqibin baş məşqçisi Adil Şükürov bunun səbəbini sizin düşərgədən onların ünvanına olan atmacalarla bağladı. Yəni dedi ki, bizim bu cür coşqu yaşamağımızın səbəbkarı “Sumqayıt” özü oldu. Oyundan sonra da meydançada gərginlik var idi. Bunu necə şərh edərdin?
- Rəqib bizim qol vurduğumuz epizoda görə etiraz edirdi. Onlar düşünür ki, biz topu çölə vurmalı idik. Amma mən burada öz tərəfimizdən günah görmürəm. Adil Şükürov bununla bağlı mənə irad bildirəndə onun özünə də dedim. Birincisi, məndən öncə top rəqib futbolçuda idi. Əgər topu çıxarmaq lazım idisə, bunu birinci onlar etməli idilər. Lakin “Kəpəz”in futbolçusu bir anlıq dayandı və topu çıxarmaq üçün zamanı da var idi. Lakin o topu özündə saxladı, çölə vurmadı. Sonra da məni aldatmağa çalışanda topu itirdi. Həmin anda isə Rezabala artıq yerdən qalxmışdı. Əgər yerdə olsaydı mən özüm topu çölə vurardım, öz komanda yoldaşım idi. Lakin onun qalxdığını görüb davam elədim.
- Qarşıda üç vacib oyununuz var. Avrokuboka yollanmaq üçün bu üç oyundan neçə xal götürsəniz kifayət edər?
- Məncə, maksimum, 9 xal. Çünki avrokuboklara oynayan digər rəqiblərimizlə aramızdakı xal fərqi cüzidir. 9 xal götürsək, avrokuboklara vəsiqə qazanacayıq. Taleyimiz öz əlimizdədir.
Anar XANLAROV