Veteran futbolçu Rövşən Əhmədovdan uzun müddəti səs-soraq yoxdu. Novruz bayramı ərəfəsində gündəmə gələn, maddi durumu qaydasında olmayan gəncəli veterana işlə təmin olunacağına dair söz verilmişdi. Vəziyyətin nə yerdə olduğunu öyrənmək məqsədilə dünən onunla əlaqə saxladıq. Söhbət əsnasında başqa məqamlara da toxunduq.
- Uzun müddətdi futboldan kənarsız. Nə işlə məşğul olursuz?
- Futboldan uzaq qalmışam, başqa işlə məşğulam. AFFA-dan söz veriblər ki, işlə təmin edəcəklər. Deyiblər yaxın günlərdə xəbər olacaq, gözləyirəm. Elxan Məmmədov da, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev də deyib ki, iki-üç gün də bizə möhlət ver, görək nə olacaq.
- “Kəpəz”dən sizlə maraqlanan olubmu? Dostlarınız kömək edir?
- Edirlər, sağ olsunlar. Amma bir var dostlar kömək etsinlər, bir də var dövlət tərəfindən işlə təmin olunum, rəsmi işim olsun. “Kəpəz”dən də sağ olsun, klubun icraçı direktoru İlqar müəllim zəng edib, maraqlanır. Klub nə qədər kömək edə bilər? Kluba da AFFA baxır. Gərək federasiya onlara kömək etsin ki, onlar da mənə etsinlər. Ona görə də qalmışıq belə, gözləyirik.
- “Kəpəz”in son vaxtlardakı çıxışı ürəkaçan deyil. Komanda 6-cı pillədə qərarlaşıb, liderdən 9 xal geri qalır. Sizcə, problem nə ilə bağlıdı?
- “Kəpəz”də elə bir problem yoxdu. Son oyunlarına da baxdım. Əvvəlki illərə nisbətən indi daha yaxşı çıxış edirlər. Birinci yerlə xal fərqi böyük olsa da, ümumi vəziyyət yaxşıdı. Bu gün Gəncə futbolunda müəyyən təkan var. Əvvəl 10-cu yerdə qərarlaşırdılar, indi isə xal fərqini aradan qaldırmaq gücündədilər. Elə böyük problem yoxdu, olan problemlər də inşallah, yaxın zamanda düzələr. Sadəcə, gələcək üçün futbolçu yetişdirmək lazımdı. O da bütün ölkədə problemdi. 8 komandalı çempionatda inkişaf necə olsun? Birinci divizionda da, demək olar ki, eyni mənzərədi. Yəqin düzələr.
- Premyer-liqada artıq bir neçə ildi 8 komanda iştirak edir. Çmepionatın səviyyəsini necə qiymətləndirirsiz?
- Komanda sayı nə qədər çox olsa, o qədər yaxşıdı. 8 komandalı çempionat olar? Mən istəyərəm ki, ən azı 10-12 komanda olsun, futbolun inkişafına təkan yaransın. Klub yarada biləcək bölgələrimiz çoxdu. Mingəçevir, Tovuz, Gəncə, Şəmkir, Qazax, Bərdə, Qusar, Lənkəran – bu bölgələrin hərəsindən bir komanda premyer-liqada iştirak etsə, gözəl olar. Çempionat da, Azərbaycan futbolu da inkişaf edər.
- Birinci divizionda futbolçu yetişməli, daha sonra elitada şans qazanmalıdı. Bu proses həyata keçirilirmi?
- Heç birinci divizionda da inkişaf yoxdu. Futbolçular 20-21 yaşında karyeralarını bitirirlər. Onlar harda oynayacaqlar? Premyer-liqada çıxış edə bilmirlər, birinci divizionda da yaş limiti qoyublar, burda da oynaya bilmirlər. Heç olmasa, bölgə komandalarının sayını artırmaq lazımdı. Yaş limitini də götürmək lazımdı. İndi 20 yaşlı futbolçu tapmaq çətindi. Elə öz bölgəmizi götürürəm, 10-11 nəfər olur. Çətindi. İstəyərdim ki, hər iki çemponatda komandaların sayı artsın. Premyer-liqada 10-12 komanda olsun. Birinci divizonda da klub sayını artırmaq mümkündü.
- Premyer-liqada cari mövsümdə komandaların potensialını necə qiymətləndirirsiz?
- Koronavirusa görə çempionat hələ ki dayanıb. Amma bütün komandaların səviyyəsi aşağıdı. Təkcə “Qarabağ”ı fərqləndirmək olar, avrokuboklarda müntəzəm çıxış edirlər, səviyyələrini müəyyən qədər saxlaya biliblər. Avrokuboklarda çıxış edən komandalar daha səviyyəli, güclü görünür, başqaları isə yerində sayır. Mən belə görürəm. Virus bir-iki aya bitsə, bəlkə nəsə düzələr. Baxırsan ki, komandaların səviyyəsi artmaq əvəzinə daha da aşağı düşüb. Ona görə inkişaf da olmur. 8 komandadan təkcə “Qarabağ” yaxşı oynayır. Elə bil futbol oynayan başqası yoxdu. “Sumqayıt” da gənclərdən ibarət komandadı, müəyyən qədər özünü göstərməyə çalışır. “Qarabağ” kimi üstün olan komanda yoxdu çempionatda. Səviyyə fərqi aşkar görünür.
- “Qarabağ” növbəti dəfə Avropa Liqasının qrupunda çıxış etsə də, növbəti mərhələyə yüksələ bilmədi. Sizcə, komandaya nə mane oldu?
- Avrokuboklarda oynayanda “Qarabağ”a azarkeşlik edirəm, elə çempionatda da onları dəstəkləyirəm. Onlara nəyin mane olduğunu desək, yanılarıq. Hər şey komandanın çıxışına təsir etdi. Gah koronavirus, gah hərbi vəziyyət. Komanda doğma meydanda keçirməli olduğu oyunlara Türkiyədə çıxdı. Düzdü, ora da bizim üçün doğma ölkədi, amma oyunlar Bakıda olsaydı və azarkeşlərin iştirakı ilə keçirilsəydi, komanda minimum 6-7 xal toplaya bilərdi. Dediyim nüanslar ağdamlılara təsir etdi.
- Milli komandamız Millətlər Liqasında çıxışını yekunlaşdırdı. Canni De Byazinin rəhbərliyi altında keçirilən ilk tsikl sizə necə təsir bağışladı?
- Komandanın ilk oyunlardakı çıxışı xoşuma gəlmədi, amma sonradan sanki müəyyən qədər toparlandılar. Yəqin De Byazinin bildiyi nəsə var, öz taktikasını tətbiq edir. Son 4 oyunda komanda qol buraxmadı. Düşünürəm ki, yığma dünya çempionatının seçmə mərhələsində daha uğurlu çıxış edə bilər. Minimum 7-9 xal toplamaq olar. Qrupumuzda elə güclü komanda da yoxdu, təkcə Portuqaliyanı fərqləndirə bilərik, səviyyəsi yüksəkdi. Məncə, başqalarından xal ala bilərik.
- Yığma dediyiniz oyunlarda qol buraxmadı, amma qol da vura da bilmirik. Sanki komandada qol vura bilən futbolçu yoxdu.
- Xeyr, bir hücumçuyla iş düzəlməz. Hücumçu problemi var bəlkə də, amma komandaya bir yox, iki hücumçu cəlb edilməlidi. Bəlkə də baş məşqçinin öz taktikası var, komandanı bir hücumçu ilə oynadır. Qol imkanlarımız çox olur, amma yararlana bilmirik. Bizim çox hücumçumuz da yoxdu, əlimizdə olanlardan istifadə edirik. Mahir Emreli hücumçu kimi oynayır, ondan da bir şey gözləməyə dəyməz, mən belə görürəm. Qol vurmuruqsa, heç olmasa, buraxmayaq.
- Həm millidə, həm də klublarda hücumçu problemini necə həll etmək olar?
- Yalnız uşaq futbolu barədə düşünməliyik. Necə ki, Qəbələdə futbol akademiyası var, həmin məktəbdən digər bölgələrimizdə də açmalıyıq. Elə Gəncənin özündə də olmalıdı. Uşağa o məktəbdə hərtərəfli qayğı, diqqət göstərilməlidi, futbola həvəsləndirilməlidi, futbolçu yetişdirilməlidi. Elə bir akademiyadan Gəncədə olsa, bu zonada futbola azca həvəsli olan hamı bu məktəbə gələr. Valideyn də uşağını rahat əmanət edər. Məktəblər, layihələr olmayandan sonra futbol necə inkişaf etsin? Gəncədə uşaq futbolu yoxdu, topu, forması yoxdu. Bu vəziyyətdə olan tək Gəncə deyil. Qazaxda, Goranboyda, Bərdədə də belə məktəblər yoxdu. Elə hərə bir-birindən götürüb oynadır.
- Vətən mühasibəsində 44 günə qələbə qazandıq. Hansı hissləri keçirdiz?
- Düzü, mənim qohumlarımdan da müharibədə iştirak edən olub. Müharibəyə şahidlik etmək, daha sonra qələbəni görmək fərqli, qəribə hisslərdi. Xalqımızı qələbə münasibətilə təbrik edirəm. Ali Baş Komandana da təşəkkür edirəm. Allah şəhidlərə rəhmət eləsin, qazilərə şəfa versin. Şükürlər olsun ki, Qarabağ torpaqlarımızı qaytardıq. Məcburi köçkün adı insanların üzərindən silindi. İstəyərdim ki, xalqımız həmişə bu əhvalda olsun və ordan olan insanlar qayıdıb doğma torpaqlarında xoşbəxt yaşasınlar. ("Futbol plus")