Azərbaycan millisinin üzvü Rüfət Dadaşov ABŞ-ın “Feniks Rizinq” klubuyla rəsmi müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə 2-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Dadaşovla imzalanan müqavilənin müddəti isə açıqlanmayıb.

Dadaşov, “Feniks Rizinq”ə keçidi haqda ABŞ təmsilçisinin rəsmi saytına açıqlama verib:

“Feniks Rizinq”də oynamaq xəyalım gerçəkləşir. 2014-cü ildə Azərbaycan yığmasıyla ABŞ-a qarşı oynadıqdan sonra ABŞ futbolunu yaxından izləməyə başladım. ABŞ futbolunda böyük inkişaf görürdüm və həqiqətən burda oynamaq istəyirdim. Klubun baş məşqçisi Rik Şantsla danışdıqdan sonra yüz faiz əmin oldum ki, “Feniks Rizinq” üçün oynamalıyam. Başlamaq və komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, Arizonanı görmək və daha vacibi, komandamın qələbə qazanmasına kömək etmək istəyirəm”.

“Feniks Rizinq”lə müqavilə imzalayan Rüfət Dadaşov bundan əvvəl Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan “Proyssen” klubunda çıxış edirdi. 24 dəfə Azərbaycan millisinin formasını geyinən 28 yaşlı hücumçu 5 qol vurub.