Rusiya kuboku: Azər 90, Ayaz 61 dəqiqə oynadı
- 28 Okt 2021 16:15
- 430
Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçulardan Azər Əliyevin komandası – “Ufa” səfərdə Vladiqafqaz “Alaniya”sı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyunda 2 cavabsız qola üzülüb. Azər bu görüşdə 90 dəqiqə meydanda olub.
Digər azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Tula “Arsenal”ı isə “Veles”lə üz-üzə gəlib. Moskva təmsilçisi ilə görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. 3 xalın sahibini müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Arsenal” meydanı qələbə ilə tərk edib – 4:3. Komandasının start heyətində meydana çıxan Quliyev 61-ci dəqiqədə əvəzlənib.
“Arsenal” hazırda yer aldığı 3-cü qrupda 5 xalla birinci pillədə qərarlaşıb. “Ufa” isə 6-cı qrupda 2 xalla 2-cidir.