Kazbek Kudzayevi çoxları repçi Miyaqinin atası kimi tanıyır. Amma xatırlatmaq yerinə düşər ki, əməkdar həkim həm də Vladiqafqaz “Alaniya”sının “qızıl” heyətinin sağlamlığının keşiyində dayanıb, daha doğrusu, komandanın ayrı-ayrı oyunçularını dəfələrlə əməliyyat edib.

 

Rekord.az xəbər verir ki, o,  Rusiya mətbuatına müsahibəsində Nazim Süleymanovla bağlı xatirəsini də bölüşüb: “Bax, belə bir hücumçu var idi – Nazim Süleymanov. O, maksimal dərəcədə çox qol vuran dahi futbolçu idi. Nazimi mənə dostum – həkim Eduard göstərdi. Baxandan sonra dedim ki, meniski cırılıb, əməliyyat olunmalıdı. Ertəsi gün komandanın direktoru zəng edir: “Kazbek, Dortmund “Borussiya”sıyla oynamalıyıq. Qoy Nazim oynasın! Səndən xahiş edirəm”. Cavabım belə oldu: “Məni dilə tutmaq asandı. Nazimin də çiyninə vursan, çıxıb oynayacaq. Ancaq dizi dilə tuta bilməzsiz. Oğlanın dizini dağıdacaqsız”.
Kəsəsi, Nazim oynadı. Sonra direktor yenidən əməliyyatı təxirə salmağı xahiş etdi. Yeni mövsüm başladı. Stadiona getmişəm, Süleymanovu meydanda görmürəm. Baxıb gördüm ki, Nazim respublikamızın prezidenti ilə lojada oturub. Fasilədə onunla görüşüb, niyə oynamadığını soruşdum. Elə həmin vaxt ona bu sözləri dedim: “Nazim, sənə dost, həkim, azarkeş kimi deyirəm. Həyatda futboldan başqa nəsə bacarırsanmı? Hətta rus dilində də tam normal danışa bilmirsən! Sənin limon kimi suyunu sıxıb çıxaracaqlar, sonra atacaqlar və əlil qalacaqsan”. Ertəsi o hər şeyə tüpürüb yanıma gəldi. Onu əməliyyat etdim. Yeri gəlmişkən, komandanın həkimini də yanıma gəlməyə məcbur etdim. Həm həkimə, həm də Nazimə oynaq qığırdaqlarının sümüyə qədər yeyildiyini göstərdim. Menisk hər dəfə hərəkət edəndə oynaq səthini dağıdırdı. Nazimi görməsəydim, əminliklə deyərdim ki, bu, 78 yaşlı qocanın dizidi. Onun diz qapağını təmizlədim və bacardığımı etdim. Yenidən direktor mənə zəng etdi, dedim ki, Süleymanov sənin vicdanına yazılıb. Direktor soruşur: “Nazim mövsümü başa çatdıra bilərmi?” “Hə” deyirəm. Nə cavab versə, yaxşıdı? “A! Onda satarıq!” Onlar özünü insan kimi aparmadı. Onlar üçün futbolçular istənilən vaxt qurban veriləsi fiqurlar idi”.