Rekord.az xəbər verir ki, “Sumqayıt” – “Qəbələ” oyununu tribunadan izləyənlər arasında “qırmızı-qaralar”ın dayaq yarımmüdafiəçisi Merab Qiqauri də var idi. Fasilədə gürcü futbolçuya yaxınlaşıb meydana çıxmamasının səbəbini öyrənməklə yanaşı, gələcək planları ilə bağlı suallara da aydınlıq gətirməyə çalışdıq.

 

 

- Meydana çıxmamısan. Səbəbini bilmək istərdik.

- Yüngül zədəm olduğundan məşqçilər korpusu riskə getmək istəmədi və bu üzdən oyunu tribunadan izləyirəm.

- İlk yarıdan sonra komandalar necə təsir bağışlayır? Oyundan zövq ala bilirsən?

- Üzləşdiyimiz durum hamıya bəllidi. İndiki halda nəinki “Qəbələ” və “Sumqayıt”dan, premyer-liqada çıxış edən başqa komandalardan da sürətli və baxımlı oyun gözləmək absurd olar. Üç ay meydana çıxmayan komandalar ilk 45 dəqiqədə maksimumu etməyə çalışdılar. Çox güman, fasilədə hər iki baş məşqçi çoxlu əvəzetməyə əl atacaq ki, bunu da anlayışla qarşılamaq lazımdı. Çalışdırıcılar sərəncamında olanların hamısını gözdən keçirmək istəyir.

- “Qəbələ” ilə müqavilənin müddəti nə vaxt başa çatır?

- İyunun sonunda.

- Gələcək karyeranla bağlı qərar vermisən?

- Bu suala cavab vermək istəmirəm.

- Hər halda “Qəbələ”nin durumundan xəbərin var. Klub prezidenti Fariz Nəcəfov bugünlərdə mediaya verdiyi açıqlamada maaşların aşağı salınacağını bildirib. Yəqin ki, legioner kimi az maaşa oynamaq sənə sərf etməyəcək...

- Nə deyim? Bəli, klubun vəziyyəti ağırdı. Gələcəklə bağlı əminliklə nəsə demək çətindi. İndi gözləmə mövqeyindəyəm.

- Bildiyimə görə, Premyer Liqada çıxış edən başqa klublar xidmətində maraqlıdı. Konkret təklif almısan?

- Azərbaycan premyer-liqasında mübarizə aparan bir neçə klubun mənimlə maraqlandığını bilirəm. Ad çəkmək istəmirəm, ancaq onu deyə bilərəm ki, konkret biri artıq mənə təklif göndərib. Azərbaycan klubları ilə yanaşı, Belarus və Rusiya premyer-liqasında çıxış edən klubların da maraq dairəsinə düşdüyümü deyə bilərəm. Agentim hazırda onlarla da danışıqları davam etdirir. Açığı, Belarus çempionatı mənə o qədər də maraqlı gəlmir. Ora yollanmaqdansa, karyeramı Azərbaycanda davam etdirmək daha məqsədəuyğun olar. Ancaq gəlin etiraf edək ki, Rusiya çempionatı tam fərqli səviyyədi. Orda özünü göstərməklə Avropaya da yolun açıla bilər. İndiki halda tələsik qərar vermək istəmirəm. Bir qədər də gözləmə mövqeyində olacam. Yəqin ki, bu yay “transfer pəncərəsi” daha gec açılacaq, sentyabrda bağlanacaq. Ona qədər təkliflər üzərində düşünmək üçün yetərincə vaxtım var. Çalışacam daha düzgün qərar verim.

- Necə düşünürsən, indiki durumda premyer-liqanı davam etdirmək lazımdı, yoxsa mövsüm erkən başa çatmalıdı?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Bir futbolçu kimi mən istənilən qərarla razılaşacam. Çempionat davam etdiriləcəyi halda qalan 8 turda “Qəbələ”yə kömək etməyə hazıram. Sabah nəyin necə olacağını isə bilmirəm. Klub rəhbərliyi bu haqda bizə heç nə deməyib. (Futbol+)