Ruslan çempion, Cavidan, Sadiq və Zəfər üçüncü oldu
- 01 İyl 2023 23:43
- 364
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Ruslan Abdullayev (57 kq) bolqarıstanlı Tanyo Tanev (11:0), gürcüstanlı Luka Qvinjiliya (13:2) və türkiyəli Tolqa Özbekə (6:5) qalib gələrək finala yüksəlib. Abdullayev həlledici görüşdə moldovalı Anton Vlasla güləşib. Rəqibinə heç bir şans tanımayan Ruslan 10:0 hesablı qələbəylə Avropa çempionu olub.
Ramik Heybətov (65 kq) moldovalı Konstantin Kirilovu (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Andranik Avetisyanla bacarmayıb - 4:10.
Cavidan Əhmədov (70 kq) ermənistanlı Davit Marqaryanla (13:7) polşalı Zəlimxan Mutsuxayevi (10:0) yolundan kənarlaşdırsa da, yarımfinalda türkiyəli İbrahim Yaprakla gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən məğlub olub – 8:8. Əhmədov bürünc medal uğrunda avstriyalı Muhamed Bektemirovla güləşib. Gərgin mübarizə şəraitində keçən görüşdə 10:9 hesablı qələbə qazanan Cavidan bürünc medala sahib çıxıb.
Sadiq Mustafazadə (79 kq) yunanıstanlı Georgios Terzidislə (9:1) polşalı Mateuş Pedziçkini (8:5) məyus edə bilib. Ancaq 1/4 finalda gürcüstanlı Otari Adeişvili keçilməz olub - 2:6. Mustafazadə təsəlliverici görüşdə litvalı Paulius Leskauskası yarışdan kənarlaşdırıb - 10:0. Sadiq bürünc medal uğrunda qarşılaşmada türkiyəli Bekir Öveçi də eyni hesabla üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Zəfər Əliyev (97 kq) ispaniyalı Enrike Ximenesə tam üstünlüklə (13:0) qalib gəlsə də, 1/4 finalda ukraynalı İvan Primaçenkoya 0:2 hesabıyla məğlub olub. Əliyev təsəlliverici görüşdə fransalı Əsgərxan Xunkayev üzərində böyükhesablı qələbə qazanıb – 10:2. İdmançımız 3-cü yer uğrunda görüşdə slovakiyalı Adam Jaksiklə qarşılaşıb. Rəqibinə 12:5 hesabı ilə qalib gələn Əliyev qitə üçüncüsü olub.