Ruslan Qurbanov: "Evdə oturduqca adamın ağlı başından çıxır" MÜSAHİBƏ
- 10 Apr 2020 11:38
- 778
Rekord.az xəbər verir ki, indi işsizlikdən ən çox əziyyət çəkən fəal həyata öyrəşmiş futbolçulardır. Daim məşqdə, oyunda, dostların əhatəsində olanlar indi dörd divar arasında qalmağa məhkumdu. Onların bu durumda nə ilə məşğul olduqları, vaxtlarını necə keçirdikləri maraq doğurmaya bilməz. Madam ki, fasilə dönəmidi, yazmağa, müzakirə və təhlil etməyə mövzu yoxdu, futbolçularla danışaq. Görək nə edirlər, özlərini necə hiss edirlər. Daim mətbuata açıq olan Ruslan Qurbanovla danışdıq.
- Futbolsuz günlər necə keçir?
- Pis, çox pis. Dəhşətli dərəcədə darıxıram. Futbol, komanda yoldaşlarım, inzibati heyət, zarafatlar – hamı, hər şey üçün darıxmışam. Hamını görmək, söhbət etmək istəyirəm. İnanın, evdə oturduqca adamın ağlı başından çıxır. İllərdi yaşıl meydanlardayıq, daim orda-burda olmuşuq. İndi birdən-birə evdə oturmağa məcburuq. Nə edək? Əlimizi göyə qaldırıb dua etməkdən başqa çarəmiz yoxdu. Allah virusa yoluxanlara cansağlığı versin, tezliklə bu bəladan qurtulaq.
- Bütün gün nə işlə məşğulsan?
- Kompüter oyunları oynayıram, arada “pleysteyşn”də vaxt keçirirəm. Çox vaxt da evdə qapılar qurub qızımla futbol oynayıram. Hamı necə, biz də elə.
- Məşq etmirsən?
- Məşq heç də. O, gündəlik məşğuliyyətimdi. Hər gün pres edirəm, ayaqlarıma güc yığmaq üçün təmrinlərdən istifadə edirəm. Formamı qorumaq üçün bacardığımı edirəm.
- Artıq çəki var?
- Məndə heç vaxt artıq çəki olmur. Əksinə, mənə əlavə 3-4 kiloqram lazımdı, yığa bilmirəm (gülür). Ona görə də istədiyimi yeyə bilirəm, problem olmur.
- Məşqçilərlə əlaqə saxlayırsan?
- 2-3 gün əvvəl Tərlan Əhmədov zəng edib maraqlandı. Özümü, ailəmi soruşdu, nə etdiyimlə maraqlandı. Diqqət göstərdiyinə görə sağ olsun, həqiqətən xoş oldu. Fiziki hazırlıq üzrə məşqçimiz də “Keşlə”nin “vatsap” qrupuna tapşırıqlar atır. Təxminən 40 dəqiqəlik proqramdı, hər kəs etdiyi məşqləri videoya çəkib qrupa yerləşdirməlidi. Bir sözlə, evdə olsaq da, futbol rejimindəyik.
- Bu dəqiqə hər kəsi düşündürən sual çempionatların gələcək taleyidi. Yarımçıq dayandırılacaq, yoxsa başa çatdırılacaq - əsas müzakirə mövzusu budu. Sən necə düşünürsən, premyer-liqanı bu vəziyyətdə yekunlaşdırıb avrokubok iştirakçılarını müəyyənləşdirmək məqsədəuyğun olar, yoxsa istənilən halda başa çatdırılmalıdı?
- Bu məsələdə mənim nəsə deməyim önəm daşımır. Çünki heç nəyi dəyişməyəcək. Bu suala UEFA-nın və yerli qurumların rəhbərləri aydınlıq gətirəcək. Yox, maraq üçün mənim də fikrimi bilmək istəyirsizsə, qalan oyunların da keçirilməsini istəyirəm. Sonradan hansısa söz-söhbət ortaya çıxmasın deyə, medalı haqq edənlərin mükafata qovuşmasının tərəfdarıyam. Həftədə iki oyun olsun, təki çempionat bərpa olunsun, həmişəki qaydada sona çatsın. Lakin son söz, dediyim kimi, aidiyyatı qurumlarındı. Bizə nə desələr, əməl edəcəyik.
- Başında tük saxlamamısan. Buna görə karantin rejiminə təşəkkür düşür, yoxsa hazırlanmış plan idi?
- Gizlətməyin adı yoxdu, düzünü deyəcəm. Amma bilmirəm necə deyim (gülür). Əslində başımı keçəl etmək niyyətində deyildim. Saçım çoxalmışdı, bərbərlər də işləmirdi deyə, başımda eksperiment aparmaq qərarına gəldim. Özüm saçımı formaya salmaq istəyirdim, əvəzində gülməli vəziyyətə düşdü (gülür). Gördüm ki, düzəldə bilmirəm, xanımımı köməyə çağırdım. Ancaq o da əlac tapa bilmədi, qayçı-darağı atıb qaçdı. Məcbur qalıb hamısını qırxdım. Yaxşı ki karantindi, heç yerə çıxmıram. Yoxsa havalanardım. Çempionat bərpa olunana qədər yəqin ki tük gələr.
- Evi gündə 2 saat tərk etmək imkanın var. Bu şansdan necə yararlanırsan?
- Açığı, hələ ki heç yerə getməmişəm. Yeni tikilinin 4-cü mərtəbəsində yaşayıram, binamızın 2-ci mərtəbəsində də supermarket var. Ona görə də binanı tərk etməyə ehtiyac qalmır. Karantin rejimidisə, evdə qalmağımız məsləhətdi. 1-2 aylıq çətinlikdi, dözməliyik (Futbol+).