Ruy Koşta "Benfika"nın prezidenti seçildi
- 11 Okt 2021 16:21
- 544
“Benfika”nın yeni prezidenti müəyyənləşib.
Rekord.az xəbər verir ki, komandanın keçmiş futbolçusu Rui Koşta kluba rəhbərlik edəcək.
O, seçkidə 84,45 faiz səs toplayaraq, “Benfika”nın sayca 34-cü prezidenti seçilib.
Koşta Lissabon təmsilçisinə iyulda müvəqqəti prezident təyin olunmuşdu. O, fırıldaqçılıqda və "pul yumaq"da şübhəli bilinərək həbs olunmuş Luiş Felipe Vieyranı əvəzləmişdi.
Ruy Koşta "Benfika"nın yetirməsi sayılır. O, 1977 - 1990-cı illərdə gənclər komandasında, 1991 - 1994 və 2006 - 2008-ci illərdə əsas kollektivdə çıxış edib.
Koşta yerli "Fafe" (1990-1991), həmçinin İtaliyanın "Fiorentina" (1994 - 2001) və "Milan" (2001 - 2006) klublarının da formasını geyinib. Portuqaliyalı oyunçu karyerasını başa vurduqdan sonra "Benfika"da idman direktoru kimi çalışmağa başlayıb.